09
Noyabr

9 Noyabr

Yerli media

Ali Baş Komandanın böyük sevinc, qürur bəxş etdiyi şuşalı ailələrdən reportaj (Azərtac)

Hər gün Şanlı Ordumuzun döyüş meydanında qazandığı parlaq qələbələr xalqımıza sonsuz sevinc bəxş edir. Şuşanın ötən gün erməni işğalçılarından azad olunması xəbərini də hər bir azərbaycanlı coşqu ilə qarşıladı. Ömrünün ən gözəl illərini bu doğma diyarda keçirənlərin sevinci yerə-göyə sığmırdı. Müxbirimiz Salyanda məskunlaşmış əslən Şuşadan olan ailənin sevincinə şərik olub.

Əsgərovlar ailəsi uzun zaman Şuşa və Xankəndi şəhərində yaşayıblar. Ailənin xanımı Həqiqət Əsgərova deyir ki, onu tək qorxudan 28 ildir həsrətində olduğu Şuşanı görmədən həyatdan köçmək idi. Şuşa Həqiqət xanım üçün həm də ona görə müqəddəsdir ki, anasının, doğmalarının məzarı oradadır. Artıq Şuşa Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

“Mən öz sevinc hisslərimi ifadə edə bilmirəm. Şuşa mənim ürəyimdədir. Mən çox sevinirəm. Həddindən artıq sevinirəm. Hələ bu 60 ildə mən belə sevinməmişdim. Çünki mənim anamın uyuduğu torpaq geri qayıdıb. Şuşaya ilk dəfə daxil olanda dizlərimi yerə qoyub o torpaqdan öpəcəyəm. Sonra gedib anamın qəbrini ziyarət edəcəyəm. Şuşasız Qarabağ yoxdur”, - deyə Həqiqət xanım bildirib.

Həqiqət xanım Şuşada, Cıdır düzündə çəkilən və şəhərdən xatirə saxladığı fotoları nəvələrinə göstərərək kövrəlir. O, unudulmaz daha bir xatirəsini dilə gətirir: “Mən orada oxuduğum müddətdə ulu öndər Heydər Əliyev “Natəvan” bulağının açılışına gəlmişdi. O zaman müdrik rəhbərimizə həsrətlə baxıb deyirdik ki, var olsun bizim dövlət başçımız. Ulu Öndər Şuşaya gələndə ermənilər qorxularından əsirdilər. Biz başa düşmürdük ki, bunlar niyə belə həyəcanlıdırlar. Onlar bilirdilər ki, bizim Heydər Əliyevimiz var. O, uzaqgörən rəhbər idi. İndi də onun layiqli davamçısı İlham Əliyevimiz var. Var olsun, Ali Baş Komandanımız”.

Əsgərovlar ailəsinin sevicinə şərik olduğumuz müddətdə bütün dost-tanışlar telefonla zəng vuraraq ailəni təbrik edir, gözaydınlığı verirdi.

Şuşadan olan digər ailə - Abıyevlər ailəsi isə qələbə sevincini birinci Qarabağ savaşında Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən şəhid Füzuli Abıyevin barelyefinin qarşısında qeyd ediblər. Döyüşlər zamanı itkin düşən və bu gün də məzarı olmayan şəhidin bacısı Elmira Abıyeva deyir ki, ordumuz bu qələbə ilə bütün şəhidlərin qisasını düşməndən layiqincə aldı: “Bu mənim 28 il ərzində arzum idi. Mən bunu arzulayırdım ki, Şuşa işğaldan azad olunsun və bu gün mənim sevincimin həddi-hüdudu yoxdur. Mənim qardaşımın qanı yerdə qalmadı. Ali Baş Komandan İlham Əliyevə və döyüşlərdə iştirak edən ordumuza öz təşəkkürümüzü bildirirəm”.

Bəli, Ali Baş Komandanımız ötən gün Şuşanın müjdəli xəbərini verərkən öz məğrur çıxışında Ulu Öndərin vəsiyyətinə əməl etdiyini vurğuladı. Şəhidlər xiyabanında onların məzarlarını ziyarət edərək, ruhlarına ehtiram göstərən dövlət başçısı bir daha Rəşadətli Ordumuza minnətdarlığını bildirdi. Əzmkar rəhbərimiz 8 may tarixini silərək, onun əvəzinə 8 noyabr tarixini - Şuşanın qələbə gününü yazmış oldu.

Gözün aydın, Azərbaycan xalqı, gözün aydın şuşalılar. Var ol, Ali Baş Komandan!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.