07
Noyabr

7 Noyabr

Günahsız qurbanlar

Bərdənin Yeni Əyricə kəndinə atılan raket 16 yaşlı gəncin ölümünə səbəb olub

Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Noyabrın 7-də düşmən tərəfin silahlı birləşmələri tərəfindən Bərdə rayonunun Yeni Əyricə kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub.

Şahmalının əmisi oğlu Rafiq Rəhimov deyib: "Partlayış səsini eşitdik. Gedib gördük ki, Şahmalı yerə yıxılıb. Qəlpə ona dəymişdi, elə orada da həlak oldu. Düşmən terror əməllərini davam etdirərək dinc sakinləri hədəf alsa da, onlardan qorxmuruq. Dünya erməni terroruna sussa da, müzəffər ordumuz onların cəzasını verir. Əminik ki, tezliklə ordumuz torpaqlarımızı erməni terrorçularından təmizləyəcək".

Qeyd edək ki, Şahmalı Rəhimov Ağdam rayonu 94 nömrəli köçkün tam orta məktəbin 10-cu sinif şagirdi idi.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.