04
Noyabr

4 Noyabr

Yerli media

Ağdamın işğal altında olmayan kəndlərində artilleriya atəşi nəticəsində təsərrüfatlara ziyan dəyib (Azərtac)

Ermənistan silahlı qüvvələri noyabrın 4-də gecə və səhər saatlarında Ağdam rayonunun işğal altında olmayan yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Rayon ərazisinə 60-dan çox mərmi atılıb. Əsasən əkin sahələrinə düşən mərmilər sakinlərin təsərrüfatlarına ziyan vurub.

Kənd sakini Vüqar Quliyev deyib: "Kəndimiz bu gün səhər yenidən artilleriya atəşinə tutulub. Həmin vaxt sahədə qoyunları otarırdım. Mərmilərdən biri yaxınlıqda partladı. Nəticədə qoyunlardan ikisi öldü, ikisi yaralandı. Lakin bu məni məyus etmir. Əsas odur ki, işğal altında olan torpaqlarımız azad edilsin. Bu işi də ordumuz şərəflə yerinə yetirir. İnşallah bütün ərazilərimiz işğaldan azad olsun, qoyunlardan qurban kəsəcəyəm. Allah ordumuzu qorusun. Qələbə bizimdir".

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.