04
Noyabr

4 Noyabr

Yerli media

Ermənilər tarixi abidələrə qarşı da vəhşilik edib, bəzilərini isə erməniləşdirməyə çalışıblar (Azərtac)

Tarixən qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, “böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırımı, terror siyasəti həyata keçirib, dəhşətli cinayətlərə əl atıblar. Onlar insanlara yönələn və xüsusi qəddarlığı ilə seçilən cinayətlərdən başqa, qədim və tarixi abidələrə qarşı da özünəməxsus soyqırımı törədib və yaxud onları erməniləşdirməyə çalışıblar.

Bu sözləri Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşı Bəxtiyar Əliyev deyib.

“Ermənilər 1992-1993-cü illərdə işğal etdikləri torpaqlarda qeyri-qanuni olaraq Azərbaycanın tarix və mədəniyyət abidələrinin memarlıq quruluşunda və interyerində də dəyişikliklər edib, divar yazılarını korlayıb, abidələrin divarları üzərində olan çoxlu sayda daş yazıları, eləcə də alban dövrünə məxsus bir çox bədii üslubda işlənmiş ornament və simvolları tamamilə silib, onlardan bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salıblar”, – deyən Bəxtiyar Əliyev vurğulayıb ki, bu ərazilərdə ermənilər qanunsuz arxeoloji qazıntılar aparıb, xaraba qalmış kəndlərdə kilsələr tikib, toponimləri dəyişdirib, Azərbaycanın maddi-mədəniyyət nümunələrini mənimsəyib, əraziləri erməniləşdirməklə məşğul olublar.

Bəxtiyar Əliyev qeyd edib ki, düşmənin təmir-bərpa işləri bəhanəsi ilə Qarabağın incisi Şuşa şəhərində yerləşən “Yuxarı Gövhər ağa” məscidinin daxili interyerində ciddi dəyişiklik etməsi, tarixi abidənin bədii-estetik dəyərlərinə zərər vurması, guya bu abidənin Azərbaycan xalqına mənsub olmaması barədə iddialar irəli sürməsi onların özgələşdirmə və özününkiləşdirmə siyasətini bir daha sübut edir. İşğalından bir il sonra yandırılan Ağdam Cümə məscidindən tövlə kimi istifadə edilməsi faktı bütün dünya ictimaiyyətinə məlumdur. Həmçinin işğal olunmuş rayonlarımızda yerləşən və erməni kilsəsinə heç bir aidiyyəti olmayan tarixi Alban xristian kilsələrinin mülkiyyəti mənimsənilib, arxitektura xüsusiyyətləri dəyişdirilərək erməniləşdirilməyə çalışılıb. Ermənistan ərazisində tarixi Azərbaycan torpaqlarında Azərbaycana məxsus mədəni irs də eyni aqibəti yaşayır.

2016-cı ildə baş verən Aprel döyüşlərini xatırladan Bəxtiyar Əliyev bildirib ki, həmin vaxt Ermənistan silahlı birləşmələrinin törətdiyi təxribatlar nəticəsində Ağdam və Tərtər rayonlarının ərazilərində yaşayış məntəqələri ilə yanaşı, XIX əsrə aid olan tarixi-dini abidələr də erməni vandalizminə məruz qalıb, bəzi məscidlərə isə ciddi ziyan dəyib. Bu il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizə raket zərbələri endirməsi nəticəsində Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlığında dağıntılara səbəb olub, buradakı dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə, daha sonra Gəncənin raket atəşinə tutulması nəticəsində orada tarixi abidələr ziyan dəyib.

Bəxtiyar Əliyev vurğulayıb ki, rəşadətli Azərbaycanın Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı azad edir. Prezident İlham Əliyevin xalqa etdiyi müraciətində dediyi kimi, ermənilər tərəfindən Azərbaycanın tarixi-mədəni irsinin silinməsi cəhdlərinə son qoyulacaq, ərazi bütövlüyümüz tam bərpa edildikdən sonra dağıdılmış bütün abidələrimiz, məscidlərimiz bərpa ediləcək.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.