29
Oktyabr

29 Oktyabr

Yerli media

İrina Yuryevna: Ermənilərin Gəncə və Bərdədə törətdikləri terror aktları heç vaxt unudulmayacaq (Azərtac)

Gəncədə və ardınca Bərdədə törədilən qətliam, dinc, günahsız insanların kütləvi qırğını məni, eləcə də kəndimizdə yaşayan və Azərbaycanı özümüz üçün doğma vətən sayan bütün rusları sarsıdıb. Bərdəyə son raket zərbəsi nəticəsində aralarında uşaqların da olduğu 21 nəfər dinc insanın ölümü, 70 nəfərin yaralanması əsl soyqırımıdır. Erməni hərbi-siyasi dairələrinin insanlıqla bir araya sığmayan bu vəhşiliyi bağışlanmazdır. Mənim üçün çox maraqlı və anlaşılmazdır ki, axı ermənilər də biz ruslar, eləcə də digər azsaylı xalqlar kimi Azərbaycanda çox rahat, sakit və problemsiz yaşayırdılar. Həmişə onlardan mehribanlıq, qayğıkeşlik görüblər. Bəs belə bir şəraitdə ermənilərə nə oldu? Azərbaycan torpaqlarının 20 faizini işğal etdilər, bir milyon azərbaycanlını yurd-yuvalarından qovub çıxardılar, Xocalı soyqırımını törətdilər.

Bu sətirləri Şamaxı rayonunda rusların məskunlaşdığı Nağaraxana kəndindən olan 53 yaşlı Kiriyeva İrina Yuryevna söyləyib: “Bu gün Azərbaycan işğal altında olan və talan edilən ərazilərini Ermənistan ordusundan təmizləyir. Bütün Azərbaycan xalqı, o cümlədən bu torpaqlarda məskunlaşan, bu xalqın bir parçası olan biz ruslar Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin cəbhədə qazandığı uğurları böyük sevinclə izləyirik. Bəli, artıq erməni ordusu diz çökür. Böyük Qələbə günü yaxınlaşır. Qələbədən sonra illər keçəcək, həyat öz axarına düşəcək. Lakin Xocalı soyqırımı kimi Ermənistanın indiki rəhbərlərinin törətdikləri Gəncə, Bərdə soyqırımları da heç vaxt unudulmayacaq”, - deyə İrina Yuryevna söyləyib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.