03
Noyabr

3 Noyabr

Ombudsman

Ombudsman beynəlxalq təşkilatlara Ermənistan silahlı qüvvələri tərəfindən kobud şəkildə pozulmuş uşaq hüquqları ilə bağlı şikayət ünvanlayıb

Ombudsman Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə bölgəsindən uzaq məsafədə yerləşən Azərbaycanın sıx məskunlaşmış yaşayış məntəqələrinin qadağan olunmuş silahlardan atəşə tutulması nəticəsində uşaqların qətlə yetirilməsi, o cümlədən Ermənistan tərəfindən uşaqların hərbi əməliyyatlara cəlb olunması, uşaq bağçalarından və məktəblərdən hərbi komandanlıq mərkəzləri, silah sursat anbarları kimi istifadə edilməsi kimi müharibə cinayətlərinə beynəlxalq hüquqi qiymətin verilməsi ilə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, UNICEF-ə, BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinə, BMT Baş Katibinin Uşaqlar və Hərbi Münaqişələr üzrə Xüsusi nümayəndəsinə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə şikayət ünvanlayıb. 

Müvəkkil Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, Azərbaycan Respublikasının mülki əhalisi, xüsusən də uşaqlar arasında tələfatlara səbəb olan və humanitar hüquq normaları, o cümlədən Ermənistanın imzaladığı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu ilə müharibə cinayəti sayılan əməllərinə beynəlxalq hüquqi məsuliyyətin müəyyən edilməsi üçün zəruri addımlar atmağa çağırıb.

Eyni zamanda, Ombudsman müraciətdə qeyd olunan qurumları Ermənistan tərəfindən mülki əhaliyə, xüsusi ilə uşaqlara qarşı son törədilən müharibə cinayətlərinin və insan hüquq pozuntularının şahidi olmaları, faktiki sübutların toplanaraq beynəlxalq hüquqi qiymət verilməsi üçün birgə müstəqil fakt-araşdırıcı missiyanın həyata keçirilməsinə dəvət edib.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.