Törədilən cinayətlər
Tərtər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulub
Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edir. Hədəf kimi seçilən ərazilər əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.
Saat 11 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən rayon Məhkəməsinin inzibati binasının yanına düşmüş mərmi qəlpələrindən 1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu həlak olub, həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan hərbi polisin əməkdaşı 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanıb.
Saat 19 radələrində Tərtər rayonu Şıx arx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətinə top mərmisinin atılması nəticəsində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olublar, 1984-ci il təvəllüdlü Məmmədov Seymur Füzuli oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Faiq Malik oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.
Düşmən qüvvələri tərəfindən Tərtər rayonunun mərkəzi, o cümlədən əhalinin sıx yaşadığı kəndlərin ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində, Azadqaraqoyunlu kənd sakinləri Əhmədov Mayıl Ələsgər oğlu, Salahov Nizami Məcid oğlu, Kərimov Elşən Şahmat oğluna məxsus evlərə külli miqdarda ziyan dəymiş, rayonun əsas strateji körpüsü və polis şöbəsinə zərbələr endirilib.
Bundan başqa, düşmənin mülki obyektləri atəşə tutması nəticəsində Tərtər şəhəri, E.Səfərov küçəsi 54 mənzildən ibarət 10 saylı binası, rayonun Şıx arx qəsəbəsində 16 saylı çoxmənzilli yaşayış binası yararsız vəziyəyətə düşüb, bina sakinləri təxliyyə edilib.
Həmçinin, işğalçı ölkənin qüvvələrinin intensiv atəşi nəticəsində Tərtər rayonu, Səhləbad kəndində Ağayev Bəxtiyar Rəhim oğluna, Yuxarı Qapanlı kənd sakini Rəsmiyyə Həsənovaya məxsus yardımçı tikililərə top mərmilərinin düşməsi nəticəsində çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.