Törədilən cinayətlər
Təcavüzkar Ermənistan dinc əhaliyə qarşı terror əməllərini davam etdirir
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirərək 05 oktyabr 2020-ci il tarixdə səhər saatlarından etibarən düşmənin silahlı qüvvələri Ağdam, Goranboy, Göygöl, Beyləqan, Bərdə, Tərtər, Zərdab rayonlarının və Gəncə şəhərinin ərazisində əhalinin kompakt olduğu məntəqələri atəşə tutmaqda davam edir.
Ağdam rayonunun müxtəlif istiqamətlərində intensiv atəşə tutması nəticəsində 1954-cü il təvəllüdlü Rəhimov Eyvaz Musa oğlu həlak olub, rayonun Üçoğlan kənd sakini 1971-ci il təvəllüdlü Səfərov Mehman Ağalar oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Bundan başqa, düşmənin Goranboy rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması səbəbindən yaşadığı evə top mərmisinin düşməsi nəticəsində Qızılhacılı kənd sakinləri 1955-ci il təvəllüdlü Abbasova Raziyə Bayraməli qızı həlak olub, eyni zamanda top mərmisinin düşdüyü başqa bir yaşayış evinin sakinləri 1958-ci il təvəllüdlü Həsənov Məşdi İbrahim oğlu, sonuncunun qızı 1984-cü il təvəllüdlü Sevinc Həsənova və azyaşlı nəvəsi 2011-ci il təvəllüdlü Həsənov Elcan Elgün oğlu, boş sahəyə düşmüş top mərmisinin qəlpələrindən 1969-cu il təvəllüdlü Ələkbərov Rasim Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən Mehdiyeva Şəhriyar İsa qızı həlak olub, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.