14
Oktyabr

14 Oktyabr

Cəbhə xəbərləri

Azərbaycanın mülki əhalisini hədəfə almış legitim hərbi hədəflər zərərsizləşdirilib

Oktyabrın 14-də saat 01:00 radələrində Ermənistan Respublikası tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir-neçə əməliyyat-taktiki ballistik raket kompleksinin start mövqeyində yerləşdirilməsi müşahidə olunub.

Bu ərazidəki raket kompleksləri Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənmişdir.

Oktyabrın 11-də Ermənistan tərəfindən Gəncə şəhərində törədilmiş hərbi cinayətə bənzər növbəti hadisənin təkrarlanmaması və raket hücumunun qarşısının alınması məqsədilə Azərbaycan Ordusu tərəfindən qabaqlayıcı tədbirlər görülüb.

Nəticədə atəş üçün hazırlıq vəziyyətinə gətirilən əməliyyat-taktiki raket kompleksləri legitim hərbi hədəf kimi zərərsizləşdirilib.

Müdafiə Nazirliyi bildirir ki, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.