05
Oktyabr

5 Oktyabr

Ombudsman

Beynəlxalq təşkilatlara Ermənistanın hüquq pozuntularına dair bəyanatlar göndərilib

Sentyabrın 27-dən başlayaraq özünün işğalçılıq siyasətini davam etdirən və müharibə cinayətləri törədən Ermənistan azərbaycanlı əhalinin məskunlaşdığı yerlərə ağır artilleriyadan atəş açaraq bir çox insanın həyatına qəsd edib, bəzilərini yaralayıb. Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi və beynəlxalq hüququn normaları kobud şəkildə pozularaq mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri və sosial obyektlər ağır artilleriya qurğularından, aviasiyadan və xüsusi raket sistemlərindən istifadə edilməklə intensiv şəkildə atəşə tutulur. Nəticədə dinc əhali arasında çoxsaylı ölənlər və yaralananlar olur, mülki evlərə, tarixi və mədəni abidələrə, inzibati binalara və digər sosial obyektlərə ciddi ziyan dəyir.

Xüsusi raket sistemlərindən istifadə etməklə mülki əhalini hədəf seçən işğalçı Ermənistan dövləti BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüququn normalarını, Cenevrə konvensiyalarını, xüsusilə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il 14 may tarixli Haaqa Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müddəalarını kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətini, müharibə cinayətlərini davam etdirir.

Ermənistanın da iştirakçısı olduğu beynəlxalq müqavilənin kobud şəkildə pozulması ilə müşayiət olunan bu işğalçılıq aktına, dəymiş ziyana və bu hüquq pozuntularına etiraz əlaməti olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilk vaxtlardan başlayaraq bununla bağlı xüsusi bəyanatlar verib. Onlar demək olar ki, bütün beynəlxalq təşkilatlara göndərilib. Ombudsman Aparatının rəsmi “Twitter” və “Facebook” səhifələrində bununla bağlı məlumatlar və baş vermiş hadisələrin hüquq pozuntularını təsdiqləyən foto və videomateriallar paylaşılıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.