02
Oktyabr

2 Oktyabr

Yerli media

Düşmənin atdığı raket və mərmilər Goranboyun Səfikürd kəndində bir neçə evə və inzibati binaya ciddi ziyan vurub ​(Azərtac)

Ermənistan silahlı qüvvələrinin bölmələri Goranboy rayonunun yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir.

Düşmən rayonun Səfikürd kəndini də atəşə məruz qoyub. Ermənistan ordusunun bölmələrinin atdığı raket və mərmilər bir neçə evə və inzibati binaya ciddi ziyan vurub. Düşmən tərəfindən atılan raket mərmisi kəndin ağbirçəyi Həqiqət Cəfərnicatinin evinə düşüb. Nəticədə ev dağılıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Həqiqət Cəfərnicati deyib: “Ötən gün səhər saat 8.30 radələrində düşmən kəndimizi atəşə tutmağa başladı. Həmin vaxt evdə tək idim. Atəş səsi eşidən kimi çölə çıxdım. Elə o an ermənilərin atdıqları mərmilərdən biri mənim evimə düşdü. Xoşbəxtlikdən xəsarət almadım. Amma evim və əşyalarım tam yararsız hala düşüb”.

Həqiqət nənə onu da bildirib ki, ermənilərin mülki əhalini atəşə tutması onları qorxutmur: “Biz düşməndən qorxmuruq. Bizim mərd və qəhrəman balalarımız düşmənin qarşısında dağ kimi dayanıblar. Dövlətimiz sağ olsun, ordumuz sağ olsun. Qarabağı işğaldan azad etsinlər. Biz ordumuza güvənirik. İnşallah, tezliklə düşməni məhv edəcəklər".

Qeyd edək ki, Həqiqət Cəfərnicatinin evinə düşən raket mərmilərinin qəlpələri qonşuluqda yaşayan Vidadi Yusifova məxsus evə də ziyan vurub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.