15
Oktyabr

15 Oktyabr

Diplomatik təmaslar

XXIII Avrasiya İqtisadi Zirvə Görüşünün iştirakçıları Azərbaycan Prezidentinə məktub göndərib

XXIII Avrasiya İqtisadi Zirvə Görüşünün iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Biz - XXIII Avrasiya İqtisadi Zirvə Görüşünün iştirakçıları Dağlıq Qarabağda baş verən hadisələri narahatlıqla izləyirik.

Azərbaycan ərazisi olan Dağlıq Qarabağın işğalı cinayətdir, qanunsuzluqdur, zülmdür. İşğalçı Ermənistan müharibə cinayəti, bəşəriyyətə qarşı cinayət törətməkdədir. Ermənistanın dünyanın gözü qarşısında beynəlxalq hüququ pozaraq müharibə və bəşəriyyət əleyhinə cinayət törətməkdə davam etməsini qınayırıq. Əvvəlcə Dağlıq Qarabağın işğalı, sonra Xocalı soyqırımı, daha sonra Tovuza hücum, indi isə Azərbaycanın digər bölgələrinə qarşı törətdiyi hərbi təxribatlar Ermənistanın tarixində qara ləkə kimi qalacaq.

Siz legitim olaraq özünümüdafiə hüququnuzdan istifadə edirsiniz.

Birləşmiş Millətlər Təşkilatının qərarlarına əsasən, hər hansısa ölkənin ərazisi işğal edilərsə, həmin ərazilərin geri qaytarılması üçün mübarizə aparması onun legitim haqqıdır.

Eyni zamanda, Siz həm də vətəndaşlarınızın yaşamaq hüququnu qoruyursunuz. Buna görə də Ermənistanın işğal etdiyi ərazilərdən dərhal geri çəkilməsi zəruridir. İnsan haqlarının pozulması davam etdikcə, mübarizəniz haqlıdır.

XXIII Avrasiya İqtisadi Zirvə Görüşünün iştirakçıları olaraq əminik ki, Siz sülh və ədalət uğrunda mübarizə aparırsınız.

Haqlı mübarizənizdə daim Sizin yanınızdayıq.

Dərin hörmətlə,

XXIII Avrasiya İqtisadi Zirvə Görüşünün iştirakçıları"

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.