Yerli media
Düşmənin Cocuq Mərcanlını atəşə tutması nəticəsində əhaliyə külli miqdarda ziyan dəyib, dağıntılar var (Azərtac)
Ermənistanın təxribatı nəticəsində sentyabrın 27-dən başlayan döyüşlər zamanı mülki şəxsləri hədəfə alan düşmən Cocuq Mərcanlı kəndində dinc əhalini yenidən atəşə tutub. Kəndin ağır artilleriya atəşinə tutulması nəticəsində onlarla ev dağıntıya məruz qalıb.
Hətta kəndə aviasiya zərbələri də endirilib. Mərmilərdən birinin təsirindən diametri 7 metrə çatan çuxur yaranıb. Ətrafdakı evlər dağıntıya məruz qalıb. Partlayış nəticəsində torpaq parçaları 100 metr məsafəyə yayılıb. Eyni zamanda, aviasiya vasitələrindən atılan bombalardan ikisi kənd ərazisinə düşsə də, partlamayıb. Bundan başqa, kənddə sosial obyektlərdə, mağazalarda da dağıntılar var.
Buna baxmayaraq, ordumuza güvənən sakinlər ata-baba yurdlarını tərk etməyi düşünmürlər.
Kənd sakini Oqtay Həziyev deyib ki, şərəf və ləyaqətin nə olduğun bilməyən ermənilər Cocuq Mərcanlıda əhalini ağır artilleriyadan atəşə tutur: "Hazırda ordumuz tərəfindən düşmənə layiqli cavab verilir. İnanırıq ki, qısa zamanda ordumuzun qələbəsini qürur hissi ilə qeyd edəcəyik".
Cocuq Mərcanlı kəndinin digər sakini Cümşüd Qəhrəmanov bildirib ki, ermənilər tərəfindən atılan mərmilər ciddi dağıntılara səbəb olub: "Mərmilərdən biri digər həyətə düşdü, xeyli dağıntı törətdi. Lakin digər mərmi partlamadı. Bu bombanın çox təhlükəli və böyük dağıdıcı təsirə malik olduğu açıq-aşkar görünür. Bütün bunlar ermənilərin dinc əhaliyə qarşı ən güclü bombalardan istifadə etdiyini göstərir".