02
Oktyabr

2 Oktyabr

Yerli media

Alxanlı sakini: Ordumuzdan qorxub geri çəkilən düşmən dinc əhalini hədəfə alsa da, kəndimizi tərk etməyi düşünmürük (Azərtac)

Rəşadətli Azərbaycan Ordusunun qətiyyətli zərbələri nəticəsində sarsılaraq geri çəkilən Ermənistan silahlı qüvvələri dinc əhalini hədəfə almaq taktikasını seçir.

Düşmənin yaşayış məntəqələrimizə ağır artilleriya atəşi nəticəsində Füzuli rayonunun Alxanlı kəndində dağıntılar baş verib.

Kənd sakini Elbrus Babayev bildirib: “Biz sakinlər düşməndən qorxmuruq. Çünki əhali güclü Azərbaycan Ordusuna arxalanır, kəndimizi tərk etməyi düşünmür. Hərbçilərimizə gücü çatmayan düşmən dinc sakinləri hədəfə alır. İki gün əvvəl atılan top mərmilərindən biri də bu həyətə düşdü. Yaxınlıqdakı iki ev və bir avtomobil yararsız vəziyyətə düşüb. Kənddə digər ərazilərə də mərmilər atılıb, nəticədə xeyli evdə dağıntılar var. Amma biz doğma kəndimizdəyik. Ordumuz düşmənə ardıcıl zərbələr endirir və Ermənistan ordusunun bölmələri qaçmağa məcbur olur. İnanırıq ki, ən qısa zamanda bayrağımız Şuşada, Kəlbəcərdə, Laçında dalğalanacaq və qələbə bayramını əzəli torpaqlarımızda qeyd edəcəyik”.

Xüsusi vurğulamaq lazımdır ki, son döyüşlər zamanı təkcə Alxanlı kəndinə düşmən tərəfindən ağır artilleriyadan 50-ə yaxın mərmi atılıb. Nəticədə onlarla ev və təsərrüfat obyekti yararsız hala düşüb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.