10
Noyabr

Zəfər günü

Qazaxda qələbə günü təntənəli şəkildə qeyd olunub

Qazaxda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə xəbəri böyük coşqu və sevinc hissi ilə qarşılanıb.

Əvvəlcə rayon sakinləri birinci Qarabağ döyüşlərində şəhid olanların xatirəsini yad ediblər.

Rayonun mərkəzi meydanına toplaşan, küçə və prospektlərinə çıxan sakinlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu gecə xalqa müraciət edərək şanlı qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini fərəh hissi ilə qeyd ediblər.

Əllərində ay-ulduzlu bayraqlar dalğalandıran, Müzəffər Ali Baş Komandanımızın portretlərini tutan minlərlə Qazax sakini "Qarabağ!" "Qarabağ Azərbaycandır!", "Yaşasın Ali Baş Komandan!", "Yaşasın Azərbaycan Ordusu!" "Qələbə" kimi şüarlar səsləndiriblər, Rəşadətli Ordumuza, Qalib Əsgərimizə minnətdarlıqlarını ifadə ediblər.

Rayon sakinləri musiqi sədaları altında rəqs edib, yallı gediblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.