Zəfər günü
Paytaxtımızda yaşanan bayram şənliyinin fotoobyektivdə əks olunmuş anları
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətindən sonra Qarabağ savaşında şanlı qələbəmizi qeyd etmək üçün Bakının küçə və meydanlarına çıxan paytaxt sakinlərinin bayram şənliyi bu gün gecə saatlarınadək davam edib. İnsanlar bütün gün boyu tarixi Qələbədən doğan sevinc və qürur hisslərini paylaşıb, xalqımıza bu möhtəşəm zəfəri yaşadan dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Vətəni, Qarabağı, qəhrəman Azərbaycan əsgərini tərənnüm edən mahnılar, şux rəqslər bayram şənliklərinə xüsusi ovqat qatıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.