10
Noyabr

Zəfər günü

Azərbaycan öz tarixinin ən möhtəşəm günlərindən birini yaşayır

Azərbaycan öz tarixinin ən möhtəşəm günlərindən birini yaşayır. Gecə yarısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şanlı qələbə müjdəsindən sonra paytaxtımızın küçə və meydanlarına, parklarına axışan böyüklü-kiçikli yüz minlərlə insanın bayram şənliyi on saatdan çoxdur davam edir. Bakı sakinləri tarixi Qələbədən doğan sevinc və qürur hisslərini bir-biri ilə paylaşır, bu zəfəri xalqına bəxş edən dövlətimizin başçısına minnətdarlıq duyğularını dilə gətirirlər. Hər yerdə Vətəni, Qarabağı, igid Azərbaycan əsgərini tərənnüm edən mahnılar səslənir.

Gecə saatlarından başlayaraq qəhrəman Vətən övladlarımızın uyuduğu Şəhidlər xiyabanında da böyük izdiham yaşanmaqdadır. Şəhid məzarlarına ziyarət etməyə gələn insanların ardı-arası kəsilmir.

Bu zəfər günündə Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır. Bu təsirli, qürur doğuran mənzərələr “bir millət, iki dövlət” olan Azərbaycan-Türkiyə qardaşlığının əbədiyyətə qədər davam edəcəyindən soraq verir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.