10
Noyabr

Zəfər günü

Almaniyadakı soydaşlarımız böyük Qələbənin sevincini yaşayırlar

Dünya azərbaycanlıları Şuşa şəhərinin azad olunmasını qeyd edirlər. Almaniyada yaşayan soydaşlarımız da bu sevincli gündə həmrəylik nümayiş etdiriblər.

Onlar Şuşanın işğaldan azad edilməsi ilə əlaqədar ölkəmizin Berlindəki səfirliyinin önünə toplaşaraq bu Qələbə sevincini birlikdə yaşayıblar.

Dövlət Bayrağı Günü ilə yanaşı, qədim şəhərimizin işğaldan azad edilməsi, müqəddəs bayrağımızın Şuşada dalğalanması Azərbaycanın möhtəşəm qələbəsidir. Soydaşlarımız qeyd edirlər ki, onlar həyatlarının ən şərəfli günlərini yaşayırlar. Onlar bu şərəfli tarixi yaradan Ordumuza və Müzəffər Ali Baş Komandana sonsuz minnətdarlıqlarını bildiriblər.

Bayram tədbirində həmvətənlərimizlə yanaşı, Azərbaycana dost olan almanlar da iştirak ediblər.

İştirakçılar Azərbaycan himnini səsləndirdikdən sonra bayraqlarla bəzədilmiş maşınlarla şəhərdə yürüş ediblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.