10
Noyabr

Zəfər günü

Şəhidlərin ruhuna hörmət və ehtiramın parlaq ifadəsi

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gecə şanlı qələbəmizi və Ermənistanın kapitulyasiyasını elan etdikdən sonra paytaxtımızın minlərlə sakini ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışıb. Səhər saatlarında izdihama bölgələrdən gələn insanlar da qoşulub.

Müzəffər Ali Baş Komandanın portretlərini başları üzərinə qaldıran və üçrəngli bayrağımızı dalğalandıran yürüş iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Yaşasın Ali Baş Komandan!” kimi şüarlar səsləndirirlər. Gecə saatlarında başlayan qələbə yürüşü davam etməkdədir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.