10
Noyabr

Xarici media

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı birgə bəyanat Avstraliya KİV-lərinin də diqqət mərkəzindədir

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Dağlıq Qarabağda 45 gündür davam edən döyüşlərin dayandırılması barədə imzaladığı birgə bəyanat Avstraliya KİV-lərinin də diqqət mərkəzindədir.

“7news.com.au”, “sbs.com.au”, “news.com.au”, “smh.com.au”, “9news.com.au” saytlarının və digər kütləvi informasiya vasitələrinin yaydığı məlumatlarda Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 9-da imzaladığı birgə bəyanat, onun iştirakçı ölkələrin xalqları tərəfindən necə qarşılanması əksini tapıb.

Məlumatlarda Azərbaycanın dövlət başçısının Rusiya Prezidenti ilə keçirdiyi videokonfrans formatında görüşündə səsləndirdiyi fikirlərə xüsusi diqqət yetirilib: “İndi bizim gördüyümüz münaqişənin hərbi-siyasi nizamlanması əminəm ki, regionumuzda uzunmüddətli sülhə, həmrəyliyə gətirib çıxaracaq, qarşıdurmaya və qan tökülməsinə son qoyacaq”.

Birgə bəyanatda qeyd edilir ki, bu bəyanat təqribən altı həftə ərzində davam edən ağır döyüşlər və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində əldə edilib. Belə ki, bundan bir gün əvvəl rəsmi Bakı döyüş bölgəsində onlarca yaşayış məntəqəsinin azad olunduğunu bəyan edib.

Məlumatlarda Ermənistanın baş naziri Nikol Paşinyanın sözləri də yer alıb: “Bu qərar hərbi vəziyyətin dərindən təhlili və sahənin ən yaxşı mütəxəssisləri ilə aparılan müzakirələr əsasında qəbul edilib”.

Sentyabrın 27-də başlanan hərbi əməliyyatlar nəticəsində Azərbaycanın ötən əsrin 90-cı illərində qeyri-bərabər döyüşlərdə itirdiyi torpaqların böyük hissəsini geri qaytardığı da yazılarda öz əksini tapıb.

Bu qərarın ardınca Ermənistanda iğtişaşların başladığı, etirazçıların hökumət və parlament binalarını ələ keçirdiyi, baş nazir N.Paşinyanın istefasının tələb olunduğu bildirilir.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.