Əhaliyə dəyən ziyan
Ermənilərin mülki əhaliyə vurduğu ziyan açıqlanıb
Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini - döyüş bölgələrindən kənarda yerləşən şəhər və kəndlərdəki mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir.
Ümumilikdə, qeyd edilən dövrdə 21 fərdi yaşayış evi, 2 mənzil, 20 təsərrüfat, 2 ticarət və 1 infrastruktur obyektində, habelə, qəbiristanlıq, qamışlıq, açıq sahə və Ağgöl Milli Parkı kimi ərazilərdə baş vermiş 10 yanğın hadisəsinin qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri səfərbər edilib. Qeyd edilməlidir ki, bir sıra hallarda yanğın baş vermiş ərazi düşmən tərəfindən intensiv atəş altında saxlanıldığından yanğınsöndürmə qüvvələrinin hadisələrə operativ müdaxiləsi mümkün olmayıb.