17
Oktyabr

17 Oktyabr

Günahsız qurbanlar

Gəncəyə raket hücumu nəticəsində şəhid olan körpə

Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində 13 nəfər öldü, 48 nəfər isə yaralandı. Həlak olanlar arasında Gəncə sakini Timur Xaliqovun körpə qızı Narin və həyat yoldaşı Sevil Xaliqova da olub. Timur Xaliqovun 10 aylıq qızı və həyat yoldaşı dəfn edilərkən övladını son dəfə bağrına basan atanın fəryadını əks etdirən fotosu sosial şəbəkələrdə gün ərzində ən çox paylaşılan foto oldu. İnsanlar Timur Xaliqovun acısını bölüşərək ona dəstək olmağa çalışırdılar.

Erməni hərbi cinayətlərinin qurbanı olan bu körpə qız 2019-cu il dekabrın 17-də Gəncə şəhərində doğulub. Ailənin tək övladı olan Narin 5 illik həsrətin sonunda dünyaya göz açmışdı. Nazirlər Kabinetinin qərarına əsasən, Narin Teymur qızı Xalıqovaya şəhid statusu verilib.

Qeyd edək ki, işğalçı Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci ilin oktyabrın 4-də, 11-də və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncədə 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb.

Bu il Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüz soydaşlarımıza ehtiram əlaməti olaraq keçirilən yürüşdə Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə terroru zamanı şəhid olmuş azyaşlı Narin Xalıqovanın fotosu əks olunmuş plakatla addımladı.

 

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.