Günahsız qurbanlar
Ermənilər Horadizə atəş açıb, ölən və yaralılar var
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 30.09.2020-ci il tarixdə saat 16 radələrində Füzuli rayonu, Horadiz şəhərində yerləşən yanacaq doldurma məntəqələrinin birinin yaxınlığına düşmüş top mərmisinin qəlpələrindən 1990-cı il təvəllüdlü Rüstəmov Murad Tahir oğlu həlak olub, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, məntəqəyə ciddi ziyan dəyib.