Günahsız qurbanlar
10 mülki şəxs həlak olub, 30 nəfər yaralanıb
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Baş Prokurorluğu Ermənistanın son hərbi təxribatları ilə bağlı birgə bəyanat yayıb.
Bəyanatda deyilir: “Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə əl atıb.
Sentyabrın 27-29-da Ermənistanın davam edən hərbi təcavüzü çərçivəsində Azərbaycanın Tərtər, Ağdam və Cəbrayıl rayonları ilə yanaşı, Goranboy, Naftalan və Daşkəsən rayonları Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb.
Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq, 1949-cu il Cenevrə konvensiyaları və onların Əlavə protokollarını kobud şəkildə pozaraq, Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə atəşə tutub, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədib.
Sentyabrın 29-na olan məlumata əsasən, mülki əhali arasında 10 nəfər həlak olub, 30 nəfər isə yaralanıb. Həlak olanlar arasında 13 və 14 yaşlarında iki məktəbli də var.