15
Oktyabr

15 Oktyabr

Yerli media

Zingiltiylə döyüşən düşmən (AzVision)

Ermənistan nə istəyir, yaxud, “Qəribə müharibə”

İkinci Dünya Müharibəsinin 1939-cu ilin sentyabrından 1940-cı ilin mayına qədər olan dövrü tarixdə “Qəribə müharibə” adlanır. İngilislər buna “Phoney War” deyirlər. Söhbət ondan gedir ki, müharibəni aparmağın da bir qaydası, üsulu, forması, məntiqi olmalıdır. Müharibə odur ki, niyyətimizi, şərtimizi ortaya qoymuşuq və onun uğrunda döyüşürük. Əks halda bu müharibə ən yaxşı halda “qəribə” olur.

Əgər iki ölkə münasibətlərini müharibə yolu ilə aydınlaşırmaq istəyirsə, bu halda birinin digərinə hücum, yaxud, bizim haldakı kimi, əks-hücum etməsi normaldır – müharibə zatən bu deməkdir. Müharibə odur ki, hansısa səbəblərdən hüququn gücsüz olduğu yerdə gücün hüququ dövrəyə girir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.