23
Oktyabr

23 Oktyabr

Yerli media

Kürşad Zorlu: Azərbaycanın İranla dövlət sərhədinə nəzarəti tam bərpa etməsi çox mühüm hadisədir (Azərtac)

Azərbaycan Silahlı Qüvvələri işğal altındakı torpaqları terrorçu və quldur erməni dəstələrindən təmizləməklə bütün region ölkələri üçün ortaq təhlükəni aradan qaldırır. Bu mənada, Zəngilanın Ağbənd qəsəbəsinin işğaldan azad olunması ilə Azərbaycanın İranla dövlət sərhədinə nəzarəti tam bərpa etməsi strateji əhəmiyyətli məsələdir.

Bu fikirləri Türkiyənin Bozok Universitetinin dekanı, professor Kürşad Zorlu bildirib.

Yaxın Şərqdəki münaqişə bölgələrinin Türkiyə kimi İran üçün də ciddi təhlükə mənbəyi olduğunu diqqətə çatdıran professor deyib ki, heç bir normal dövlət istəməz ki, onun sərhəd qonşuluğunda münaqişə ocağı olsun. Bu baxımdan bu mühüm hadisə İran üçün də önəmlidir.

Azərbaycanın zəngin təbii sərvətlərə və böyük resurslara malik olduğunu diqqətə çatdıran professor əminliklə bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası bütün Qafqaz bölgəsi üçün yeni bir sosial-iqtisadi mənzərə yaradacaq.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.