Prezident Administrasiyası
Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir
Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmaqda davam edir. Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı dövlət səviyyəsində terror aktları həyata keçirir, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 19-da ADA Universitetində keçirilən brifinqdə deyib.
Prezidentin köməkçisi qeyd edib ki, oktyabrın 10-da Ermənistanla Azərbaycan arasında humanitar atəşkəs barədə razılaşma əldə edilməsinə baxmayaraq, bir qədər sonra münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərində mülki əhali atəşə tutuldu. Gəncədə hərbi hədəf yox idi. Sadəcə, ermənilər bilərəkdən dinc vətəndaşları qətlə yetirmək üçün həmin əraziləri atəşə tutdular.
Hikmət Hacıyev qeyd edib ki, Ermənistan Azərbaycanın digər şəhərlərini, o cümlədən sənaye şəhəri olan Mingəçeviri də atəşə tutub. Onlar Gəncədə böyük vəhşilik törədiblər. Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı dövlət səviyyəsində terror aktları həyata keçirsə də, xalqımızın iradəsini qıra bilmədi. Azərbaycan öz torpaqlarını işğaldan azad etməkdə davam edir. İkinci dəfə oktyabrın 18-də humanitar atəşkəs barədə razılaşmaya baxmayaraq, Ermənistan öz xislətini göstərdi və yenidən mülki əhalimizi atəşə tutdu. Bu, Ermənistanın terrorçuluq mahiyyətini bir daha göstərir.
Azərbaycan Ermənistandan fərqli olaraq mülki əhalini hədəfə almır, yalnız hərbi hədəflərə istiqamətlənir. Ermənistanın törətdiyi vəhşiliklərə ad tapmaq olmur. Azərbaycan humanitar atəşkəsə əməl etsə də, Ermənistanın təxribatlarına cavab vermək məcburiyyətində qalır. Ermənistanın bu hərəkətləri bütün konvensiya və qanunların kobud şəkildə pozulmasıdır. Çünki bütün konvensiya və qanunlarda mülki əhali və infrastrukturun atəşə tutulmamasının vacibliyi qeyd edilir. Lakin biz görürük ki, Ermənistan bütün bu konvensiya və qanunları ayaq altına atır və Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir.
Hikmət Hacıyev deyib: “Ermənistan hazırda da Azərbaycanın mülki əhalisini atəşə tutur. Hətta Ermənistan öz ərazisindən də Azərbaycanın mülki əhalisini atəşə tutmaqla münaqişəni genişləndirməyə çalışır. Biz dünən bəyan etdik ki, müharibədə həlak olan ermənilərin cəsədlərini verməyə hazırıq, lakin bunun cavabında Ermənistan tərəfi öz təxribatlarını davam etdirdi və mülki əhalimizi yenə də atəşə tutdu”.
Ermənistanın hərbi-siyasi rəhbərliyi yeni ərazilərin ələ keçirilməsi ilə bağlı absurd iddialar irəli sürürdü. Bu kimi addımlar təbii ki, sülh danışıqlarının və münaqişənin dinc yolla həll olunmasının üzərindən xətt çəkirdi. Reallıq bir daha göstərir ki, Azərbaycan tərəfi təhlükə altındadır, Ermənistan yox. Çünki Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə qarşı məqsədyönlü raket hücumları həyata keçirir. Məhz buna görə də Azərbaycan əhalisi təhlükə qarşısındadır.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Silahlı Qüvvələri və Azərbaycan rəhbərliyi müvəqqəti humanitar atəşkəsə sadiqdir. Lakin Ermənistan tərəfinin davam edən təxribatları bizi vadar edir ki, öz əhalimizin, dinc sakinlərimizin təhlükəsizliyini təmin edək. Təkcə dünən gün ərzində Azərbaycanın 5 rayonu 229 mərmiyə hədəf olub. Ermənistanın davam edən hərbi təcavüzü nəticəsində Azərbaycanın yaşayış məntəqələrinə, mülki obyektlərinə 24 mindən çox mərmi atılıb, 1846 ev yararsız vəziyyətə düşüb. Həmçinin bir sıra digər mülki obyektlər də dağılıb.
Bizim məqsədimiz yalnız Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir. Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur.
Prezidentin köməkçisi qeyd edib ki, münaqişə artıq öz həllini tapmalıdır. Biz bu münaqişəni gələcək nəsillərə saxlamamalıyıq.
Hikmət Hacıyev deyib ki, Ermənistan müxtəlif ölkələrdən muzdlular gətirərək Azərbaycana qarşı istifadə edir. Eyni zamanda, Ermənistan öz diasporunun köməyi ilə “qara bazar”dan silahlar alaraq mülki təyyarələr vasitəsilə Ermənistana daşıyır və həmin silahlardan Azərbaycanın mülki əhalisinə qarşı istifadə edir. Ermənistana mülki təyyarələr vasitəsilə silahların daşınması beynəlxalq qanunların, o cümlədən beynəlxalq mülki aviasiya qaydalarının kobud şəkildə pozulmasıdır. Beynəlxalq təşkilatlar Ermənistanın pozucu hərəkətlərinin qarşısını almalıdır.
Humanitar atəşkəs elan ediləndən 2 dəqiqə sonra Ermənistan silahlı qüvvələri təxribatlar törətdi. Azərbaycan Silahlı Qüvvələri isə onların layiqli cavablarını verdi. Bunun nəticəsində bir sıra kəndlərimiz işğaldan azad edildi. Bununla bağlı Prezident, Ali Baş Komandan İlham Əliyev də özünün "Twitter" hesabından xalqımıza xoş xəbəri çatdırıb.
Prezidentin köməkçisi bildirib ki, hazırda ön cəbhədə vəziyyət gərgin olmaqda davam edir. Azərbaycan Silahlı Qüvvələri düşmənin təxribatlarına layiqli cavab verir.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhalisinə qarşı hücumları ilə bağlı hər bir fakt Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən sənədləşdirilir, cinayət işləri başlanır, materiallar toplanır.
Prezidentin köməkçisi bildirib ki, daxili prosedurlar başa çatdıqdan sonra Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı hücumlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə və digər aidiyyəti qurumlara müraciətlərin edilməsi nəzərdə tutulub.