02
Oktyabr

2 Oktyabr

Hərbi qənimətlər

Azad olunmuş torpaqlarda düşmənin döyüş texnikası və silah-sursatı ələ keçirilib

Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində işğaldan yeni azad edilən ərazilərimizin görüntüləri yayılıb.

Görüntülərdə Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən düşmən ordusuna məxsus silah-sursatın ələ keçirilməsi əks olunub. Kadrlardan görünür ki, düşmən xeyli sayda texnikasını və silah-sursatını döyüş mevqələrində tərk edərək qaçıb.

Hazırda Azərbaycan Ordusu işğal altındakı digər ərazilərin azad edilməsi istiqamətində əməliyyatları davam etdirir.

Xatırladaq ki, Ağdərə istiqamətində qoşunlarımız Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır. Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub. Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Döyüşlərdə əldə etdiyimiz uğurlar və müxtəlif istiqamətlərdə hakim mövqelərin azad olunması Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək döyüş ruhunu və qələbə əzmini daha da artırır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.