09
Noyabr

9 Noyabr

Orduya dəstək

Tovuzda ana və qızı gündə onlarla bayraq tikərək sakinlərə təmənnasız paylayır

Üçrəngli bayrağımız bu günlərdə ölkəmizin hər yerini bəzəyir. Şəhərlərimizdə, ucqar qəsəbə və yaşayış məntəqələrimizdə bayraqsız bir küçə, bir məkan tapılmaz. Dərzilərimizin də bu işdə böyük rolu var. Barəsində bəhs edəcəyimiz Leyli Nağıyeva qızı ilə neçə gündür ki, gecə-gündüz bayraq tikib insanlara təmənnasız paylayır.

Tovuzun Qovlar şəhərində dərzi kimi çalışan bu ailə indiyə kimi bayraq tikməyib. Müharibə başlayan gündən isə digər işlərini, sifarişlərini kənara qoyaraq, yalnız bayraq tikməklə məşğuldurlar. “Bayraq bizim ləyaqətimiz, qürurumuz, şərəfimizdir. Bayrağın böyüyü-kiçiyi yoxdur. Hər ölçüdə tikirik. Mən Qarabağda olmamışam. Arzum budur ki, tikdiyim bayrağın birini Natəvanın qəbri üzərinə sərim”, – deyə Leyli Nağıyeva bildirib.

Artıq üçrəngli bayrağımız Cəbrayılda, Zəngilanda, Qubadlıda, Füzulidə, Şuşada dalğalanır... Gündə onlarla bayraq tikən bu vətənpərvər qadınlar bununla da sanki öz vətəndaşlıq borclarını yerinə yetirmiş sayırlar. Şuşanın işğaldan azad edilməsi isə onlarda bir ayrı həvəs yaradıb.

Bu şərəfli işi birgə gerçəkləşdirən, dayanmadan bayraq tikib ərsəyə gətirən Leyli xanım və qızı işlərini böyük həvəslə, sevgi ilə görürlər. Ana və qızı qardaş Türkiyənin bayrağına tələbat olduğundan onun da tikilişi ilə məşğuldurlar.

“Müharibə başlayandan ancaq bayraq tikirik. Neçə ildir biz bunu gözləyirdik, elə ruh yüksəkliyi var ki... Çalışırıq daha çox bayraq tikək. Dünən bəlkə 40 bayraq tikmişik. Elə gün olur ki, anamla birlikdə gecə yatmadan bu işlə məşğul oluruq. Vətənimizə təmənnasız xidmət edirik. Çünki əsgərlərimiz bizi qoruyur, biz də vətənimizə bayraq tikməyə borcluyuq”, – deyə Leyli xanımın qızı Fərqanə bildirib.

Bu gün bayram-bayrama qarışıb. Bayrağımızı işğaldan azad edilən torpaqlarda dalğalandıran əsgərlərimiz tarix yazır. Əminik ki, şanlı ordumuz işğalda olan qalan torpaqlarımızı da azad edib, həmin kənd və şəhərlərimizdə üçrəngli bayrağımızı ucaldacaq!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.