07
Noyabr

7 Noyabr

Orduya dəstək

Qumlaq sakini: Kəndimizin azad edilməsi və övladımın hərbçi olması mənə ikiqat qürur hissi yaşadır

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb və bir çox yaşayış məntəqələrimizi düşmən tapdağından xilas edib. Onlardan biri də Cəbrayıl rayonunun Qumlaq kəndidir. Bu kənd oktyabrın 19-da azad olunub.

Qumlaq kəndinin sakinlərinin 27 illik Vətən həsrəti artıq başa çatıb. Qumlaqlılar indi doğma el-obalarına qayıtmağa hazırlaşırlar.

Qumlaq sakini Əli Mirzəyevin qonağı olan müxbirimiz bu ailənin sevinc hisslərini bölüşüb. Əli Mirzəyev deyib: “Doğma yurdumuza tez qayıtmaq istəyirik. 27 il köçkün həyatı yaşamışıq. Dövlət tərəfindən bizə lazımi şərait yaradılıb, lakin ürəyimizdə hər zaman bir boşluq olub. O, Vətən həsrəti idi. Artıq bu həsrət də sona çatdı, doğma yurdumuza qovuşmuşuq. Bu anı həmişə böyük ümidlə gözləmişik”.

Həmsöhbətimiz qeyd edib ki, oğlu da ön cəbhədə düşmənlə üz-üzə döyüşür: “Kəndimizin azad edilməsi və övladımın hərbçi olması mənə ikiqat qürur hissi yaşadır”, - deyə o bildirib.

Əli Mirzəyev doğma kəndindən danışarkən deyib: “Qumlaq Araz çayının sol sahilində yerləşir. Diri dağının ətəyində olan yurdumuz çox bərəkətli bir yerdir. Oradakı firavan həyatımızdan 27 ildir uzaq düşmüşük. Amma o gözəl günlərə qovuşmağa az qalıb. Kəndimizdən bizə qalan acı xatirələr isə erməni faşizminin izləridir. İndi o torpaqlar əsl sahibinə qayıdır, həmin yerlər yenidən canlanacaq, firavan həyat başlayacaq”.

Erməni faşizmi nəticəsində iki dəfə yurdundan didərgin düşən Kəklik Qafarova isə deyib ki, əslən Qərbi Azərbaycandandır: “İllər öncə biz öz yurdumuzdan köçərək Cəbrayıla gəldik, sonra oradan da qaçqın düşdük. İlk illər çadırlarda çətin günlər yaşadıq. Daha sonra dövlətimiz bizi lazımi şəraitlə təmin etsə də, hər zaman Vətən həsrəti ilə yaşadıq. Ötən illərin nisgili oktyabrın 19-da sevinc hissləri əvəz olundu. Biz buna görə Ali Baş Komandanımıza və ordumuza təşəkkür edirik. İndi uşaqdan-böyüyə hər birimiz sevinirik”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.