Orduya dəstək
Gənclər əsgərlərimizə həm mənəvi, həm də sosial dəstək göstərməyə davam edir
Hazırda ölkəmiz olduqca həssas, bir o qədər də tarixi günlər yaşayır.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda bir çox gənc istər könüllü əsaslarla, istərsə də hərbi çağırışa əsasən orduya cəlb olunub.
Gənclərimiz əsgər ailələrinə biganə qalmır, birlik nümayiş etdirərək Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə əsgər və şəhid ailələrinə humanitar yardım aksiyasına başlayıblar. Yardım aksiyasının əsas məqsədi muzdlu əsaslarla fəaliyyət göstərərək ailəsinin maddi ehtiyaclarını təmin edən və hazırda qismən səfərbərlik şəraitində ordu sıralarına qoşulmuş əsgərləri müəyyənləşdirərək ailələrinin zəruri qida məhsullarından ibarət sosial yardım paketləri ilə təmin olunmasıdır. Sosial yardım aksiyası çərçivəsində torpaqlarımız uğrunda şəhid olmuş əsgərlərimizin ailələrinə də dəstək göstərilir.
Paytaxt və regionları əhatə edən humanitar yardım çərçivəsində artıq şəhərimizin ərazisində 30 ailəyə paketlər təqdim olunub. Qeyd edək ki, yaxın günlərdə bu proses Sumqayıt, Gəncə, Şəmkir, Tovuz, Naftalan, Neftçala, Bərdə, Xaçmaz, Salyan, Qəbələ, Balakən, Qax, Ağsu, Sabirabad, Ucar, Goranboy, Samux və Göyçayda da davam edəcək.
Bir daha sübut olundu ki, Vətən müharibəsində gənclərimiz daha da həmrəydir. Biz birlikdə güclüyük!