05
Noyabr

5 Noyabr

Orduya dəstək

“İlhamlı qələbələr” adlı orduya dəstək kampaniyası davam edir

Məlum olduğu kimi, bu ilin sentyabrın 27-dən etibarən işğalçı Ermənistan dövləti tərəfindən ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş yeni təxribatlar həyata keçirilir. Buna qarşı da Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü qorumaq məqsədilə müzəffər Ordumuz tərəfindən əks-hərbi əməliyyatlar başlayıb. Hazırda düşmən təxribatının qarşısı alınır və hərbi əməliyyatlar uğurla davam etdirilir. Artıq işğalda olan bir çox yaşayış məntəqələrimiz, eləcə də bir neçə rayon mərkəzi azad olunub və şanlı bayrağımız doğma torpaqlarımızda dalğalanır.

Cəbhədə əsgərlərimizə mənəvi dəstək olmaq üçün “BrendSport.az” saytı idman ictimaiyyəti ilə birlikdə mütəmadi olaraq “İlhamlı qələbələr” adlı orduya dəstək kampaniyası həyata keçirir. Bu günlərdə yenidən bir çox idman federasiyalarının, eləcə də “BrendSport.az” saytının təsisçisi Dönməz Abbasov və saytın baş redaktoru Bəhruz Səmədovun təşkilatçılığı ilə idman ictimaiyyətinin üzvlərindən ibarət bir qrup cəbhə bölgəsinə səfər edib.

Qeyd edək ki, kampaniyaya Gənclər və İdman Nazirliyi ilə bərabər SOCAR-ın əməkdaşları - İlham Nəsirov, Rasim Mustafayev, Fərid Məmmədov, “Ciu-Citsu” üzrə Dünya və Avropa çempionu Vüqar Cəfərov, Azərbaycan MMA, Pankration və Qrepplinq Federasiyasının qrepplinq idman növü üzrə vitse-prezidenti Hüseynəli Abbaslı, “Cəngi” İdman Klubu, olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim, prezident mükafatçısı Hicran Şərifov, Peşəkar Boks Federasiyasının prezidenti, boks üzrə Dünya çempionu Fərhad Acalov, “Sehirli dünya” uşaq jurnalının təsisçisi Gülzar İbrahimova və iş adamı Samir İbrahimov yaxından dəstək olublar.

Kampaniya çərçivəsində əsgərlərimizə dəstəyini əsirgəməyən “Həyat” aptekinin rəhbəri Rəhim Axundova, "Mətanət A" şirkətinin prezidenti Elxan Bəşirova, könüllülərdən Pərvin Abıyeva, Fərid Məhərrəmova, “Suzani” Bakı tekstil şirkətinə, “Berg” enerji içkilərinin nümayəndələrə Nərgiz Abbasovaya və Rafael Novruzalıyevə dərin minnətdarlığımızı bildiririk.

Vətən oğulları ilə keçirilən səmimi görüşdə iştirak edənlər çıxış edərək ordumuzun göstərdiyi şücaətdən, onlarda olan ruh yüksəkliyindən danışaraq, əsgərlərimizə Qarabağ zəfəri arzulayıblar. Vətən oğulları ilə görüşdən yüksək əhvali-ruhiyyə ilə qayıdan təşkilatçılar bu cür səfərlərin bundan sonra da təşkil olunması barədə qərar qəbul ediblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.