05
Noyabr

5 Noyabr

Orduya dəstək

“Yurd” Azərbaycanlıların Milli Mədəni Mərkəzi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Son günlər Qarabağdan gələn xoş xəbərlər bütün azərbaycanlıları sevindirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı azad edir, düşmənə sarsıdıcı zərbələr vurur. İllərdir gözlənilən bu şad xəbərlər təkcə ölkə daxilində deyil, sərhədlərimizdən uzaqlarda yaşayan azərbaycanlılar tərəfindən də böyük coşqu ilə qarşılanır.

Azərbaycan Ordusunun bu şanlı zəfəri Rusiyanın Kemerova vilayətində yaşayan həmyerlilərimizə də əsl bayram ab-havası yaradıb. Orada fəaliyyət göstərən “Yurd” Azərbaycanlıların Milli Mədəni Mərkəzi ölkəmizin haqlı mübarizəsinin təbliğində fəal iştirak edir, erməni yalanları və saxtakarlıqlarının ifşa olunmasında mühüm addımlar atır, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasəti dəstəkləyir.

Bu gün Azərbaycan Ordusu öz şücaəti ilə torpaqlarımızı yağı düşməndən təmizləyir. Ordumuzun bu müqəddəs amalına “Yurd” da öz töhfəsini verib. Belə ki, təşkilatın üzvləri 25 min manat məbləğində vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.

Bütün azərbaycanlılar şanlı Ordumuzun gücünə inanır. Xalqımız əmindir ki, tezliklə erməni separatçıları doğma torpaqlarımızdan qovulacaq və üçrəngli Azərbaycan bayrağı Şuşada dalğalanacaq.

Xalqımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Ordumuzdan yeni qələbə müjdələri gözləyir. Qarabağ Azərbaycandır!

Qeyd edək ki, mərkəz cari ilin avqustundan fəaliyyətə başlamasına baxmayaraq, artıq mühüm işlər görüb. Belə ki, mərkəzin təşkilatçılığı ilə Kemerova şəhərində Azərbaycan dilində məktəb fəaliyyət başlayıb, musiqi ansamblı və rəqs qrupu yaradılıb. Yaxın günlərdə idman klubu da fəaliyyətə başlayacaq.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.