03
Noyabr

3 Noyabr

Orduya dəstək

YAP Səbail rayon təşkilatı “Əsgərə məktub!” layihəsinə qoşulub

YAP Səbail rayon təşkilatının gəncləri “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub!” layihəsinə qoşularaq bu günlərdə hərb tariximizin ən şərəfli səhifələrini yazan Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitlərinə məktublar ünvanlayıblar.

YAP Səbail rayon təşkilatından bildiriblər ki, gənclər məktublarında qanları və canları ilə müqəddəs Vətən torpağını mənfur düşmən tapdağından azad edən, Azərbaycan xalqına şanlı qələbələr bəxş edən rəşadətli əsgərlərimizə dualarını, səmimi ürək sözlərini, dəstək mesajlarını yazıblar. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardığı mübarizədə mənəvi dəstək önəmlidir. Bu günlərdə Azərbaycan xalqı bir yumruq kimi Müzəffər Ali Baş Komandanımız, Ordumuz ilə milli birlik və həmrəylik nümayiş etdirir.

YAP Səbail rayon təşkilatının bütün üzvləri bu milli həmrəylik hərəkatında yaxından iştirak edir. YAP gəncləri dəfələrlə cəbhə bölgəsində olub və qəhrəman əsgərlərimizlə görüşüblər.

Allah Azərbaycan Ordusunu qorusun. Qələbə bizimdir və Qarabağ Azərbaycandır!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.