03
Noyabr

3 Noyabr

Orduya dəstək

Qəbələlilər “Əsgərə məktub” layihəsinə həvəslə qoşulublar

Erməni işğalı altında olan torpaqlarımızın mənfur düşməndən azad edilməsi uğrunda bir aydan çoxdur ki, davam edən Vətən müharibəsində vətəndaşlarımızın Şanlı Azərbaycan Ordusuna sevgisi təqdirəlayiqdir. Ordumuzun döyüş əzminin daha da artırılması və hərbi qulluqçulara mənəvi dəstək məqsədilə “ASAN Könüllüləri” Təşkilatının keçirdiyi “Əsgərə məktub” layihəsi Qəbələ rayonunda da uğurla davam edir.

Rayon icra hakimiyyətindən bildirilib ki, layihə çərçivəsində rayon sakinləri Qəbələ “ASAN xidmət” mərkəzi tərəfindən ayrılmış xüsusi məntəqələrə yaxınlaşaraq cəbhə bölgəsində döyüşən əsgərlərimizə məktublar yazır, onlara mənəvi dəstək olur, arzularını bildirirlər. Dövlətimiz tərəfindən hər cür maddi-texniki resurslarla təmin olunmuş Azərbaycan əsgərinin bu gün vətəndaşlarımızın mənəvi dəstəyinə daha çox ehtiyacı var. Məktublarda Müzəffər Ordumuzun tezliklə üçrəngli bayrağımızı işğal olunmuş ərazilərimizin hər bir guşəsində dalğalandıracağına ümid ifadə edilir.

Layihə çərçivəsində toplanan bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılacaq.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.