03
Noyabr

3 Noyabr

Orduya dəstək

Fidanlar vətənin keşiyində duran qəhrəman əsgərlərimizə ürək sözlərini yazıblar

Bu günlərdə Azərbaycan xalqı taleyüklü, eyni zamanda qürurverici tarixə şahidlik edir. Əzəli Azərbaycan torpaqları düşmən tapdağından azad olunur. Döyüş meydanında bu tarixi qəhrəman əsgərlərimiz yazır. Müharibə şəraitində vətəndaşlarımızın ordumuza sevgisi təqdirəlayiqdir. Ordumuza mənəvi dəstək olmaq məqsədilə ölkəmizdə “Əsgərə məktub” layihəsi həyata keçirilir.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin mətbuat katibi Aysu Nəcəfli bildirib ki, idarənin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon MKS-nin kənd filiallarının fəal oxucuları, balaca fidanlar bu layihəyə qoşularaq, əsgərlərimizə onlarla məktub ünvanlayıblar. Məktublarda balaca fidanlar vətənin keşiyində duran qəhrəman əsgərlərimizə ürək sözlərini yazıblar. Onlar hər gün eşitdikləri qələbə xəbərindən aldıqları sevinci bildirir, Böyük Qələbə üçün əsgərlərimizə uğurlar arzulayılar.

Məktubların bir qisminin fotoşəkilləri İsmayıllı Regional Mədəniyyət İdarəsinin sosial şəbəkə ünvanlarında yerləşdirilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.