05
Oktyabr

5 Oktyabr

Prezident Administrasiyası

Hikmət Hacıyev: Bu gün ermənilər döyüş meydanında ümidsiz və çarəsiz vəziyyətdədirlər

Biz Ermənistanın Azərbaycana qarşı son hücumlarını qəti şəkildə pisləyirik. Bu, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinin göstəricisidir. Bu əmrlər bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin tapşırığı ilə həyata keçirilir. Burada da beynəlxalq hüquqa əsasən, Ermənistan siyasi rəhbərliyində və qondarma qurumun rəhbərliyində olan şəxslər məsuliyyət daşıyır.

Bu fikirləri oktyabrın 5-də keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, ermənilər tərəfindən hədəfə alınan yerlər arasında hərbi obyektlər yoxdur. Bu hücumlar məqsədyönlü şəkildə həyata keçirilir, artıq uzaqmənzilli raketlərdən də istifadə edilir. Ermənistanın uzaqmənzilli raketlərdən istifadə etməsi münaqişənin daha da gərginləşməsinə xidmət edən amillərdəndir. Bu raketlər artıq Xızı şəhərinə qədər gəlib çıxıb. Bu, Ermənistan dövlətinin terrorçu əməllərini göstərir. Ermənistan tərəfi öz uğursuzluqlarını ört-basdır etmək üçün bu cür addımlar atır.

Prezidentin köməkçisi bildirib ki, bu gün ermənilər döyüş meydanında ümidsiz və çarəsiz vəziyyətdədirlər. Son hadisələri hərbi və siyasi təxribat kimi qiymətləndiririk. Onlar üçüncü tərəfləri münaqişəyə cəlb etməyə çalışırlar. Azərbaycan tərəfi bunu çox gözəl bilir, bununla bağlı beynəlxalq təşkilatlara, ölkələrə də məlumat verib. Bu gün hamımız səfərbərik. Hamımızın bir amalı var ki, işğal altında olan torpaqlarımız işğaldan azad edilsin.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın mülki əhalisinə qarşı hücumlara görə Ermənistanın siyasi-hərbi rəhbərliyi və qondarma rejimin rəhbərliyi məsuliyyət daşıyır. Bütün bunların törədilməsində məqsəd Azərbaycan xalqını təşvişə salmaqdır. Bu, vandalizm aktıdır, barbarlıqdır. Ermənistanın istifadə etdiyi raketlər çox köhnədir və ona görə də hədəfə çata bilmir. Amma bəzi raketlər hədəfə çatır və mülki əhali zərər çəkir. Bu zərbələrin bir çoxu Ermənistan ərazisindən həyata keçirilir. Bu, beynəlxalq hüquqa ziddir və Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti müharibə, təcavüz aktıdır. Bu, Ermənistan rəhbərliyinin sivil qaydalardan nə qədər uzaq olduğunu bir daha göstərir. Onlar riyakarlıq nümayiş etdirərək Azərbaycanda mülki əhalini yenidən hədəfə alırlar.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycana qarşı 30 ildir elan edilməmiş bu təcavüz siyasəti artıq elan olunmuş şəkildə davam edir. Bu gün hər bir vətəndaşımız qəhrəmanlıq salnaməsi yazır. Bizim işimiz haqq işidir. Biz beynəlxalq hüququn norma və prinsipləri əsasında bu fəaliyyəti həyata keçiririk. Bu gün biz xain, alçaq düşmənlə üz-üzəyik. Lakin hər bir Azərbaycan vətəndaşı möhkəmdir. Ermənistanın məqsədi Qarabağ cəbhəsindəki uğursuzluqlarını kompensasiya etməkdir. Onlar Azərbaycan vətəndaşlarına qorxu aşılamağı qarşılarına məqsəd kimi qoyublar, amma buna heç vaxt nail ola bilməyəcəklər.

"Xain düşmənimizdə hər hansı etik qayda yoxdur. Ölkəmizə qarşı müharibə siyasəti çox eybəcər şəkildə aparılır. Biz Ermənistanın Azərbaycana qarşı son hərbi təcavüzündə bunun bir daha şahidi olduq. Silahlı Qüvvələrimiz də onların layiqli cavablarını verir və verəcək. Azərbaycan cəmiyyəti, vətəndaşlarımız ən güclü şəkildə səfərbərdir. Biz işğal altındakı torpaqlarımızın azad olunması istiqamətində fəaliyyətimizi davam etdiririk. Bu gün hər birimiz qürur hissi duyuruq. Ali Baş Komandanın rəhbərliyi ilə hər bir Azərbaycan vətəndaşı tarixi, hüquqi əsaslarla öz torpaqlarının işğaldan azad edilməsini istəyir. Bizim işimiz haqq işidir. Qarabağ bizimdir!"






Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.