Prezident Administrasiyası
Hikmət Hacıyev: Ermənistan mülki əhalinin və obyektlərin hədəfə alınmasını məqsədyönlü şəkildə həyata keçirir
Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı cinayət törətməkdə davam edir. Bu gün Ermənistan yenə Azərbaycanın mülki obyektlərini ağır artilleriyadan, raketlərdən, o cümlədən “Smerç” raketlərindən atəşə tutub, Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi deyib ki, mülki insanlar arasında yaralananlar və həlak olanlar var. Ermənistan tərəfindən mülki əhalinin və obyektlərin hədəfə alınması məqsədyönlü şəkildə həyata keçirilir. Son günlər ərzində Ermənistan tərəfinin bu xain hərəkətləri nəticəsində mülki obyektlərə 10 mindən çox mərmi atılıb.
"Ermənistan terrorçu dövlətdir, faşizm xisləti daşıyır. Azərbaycan Ermənistanın hücumlarının heç birini cavabsız qoymur və bu hücumlar adekvat cavabını alır."
Hikmət Hacıyev deyib ki, hazırda bu atəşin qondarma “Dağlıq Qarabağ respublikası”nın rəhbəri Araik Arutunyanın əmri ilə işğal olunmuş ərazilərdən endirildiyi ilə bağlı məlumatlar yayılır. “Mən buradan Araik Arutunyana müraciət etmək istəyirəm. Araik Arutunyan, sən bunkerdə gizlənmişdin, Azərbaycan Ordusu səni orada da tapdı. Ordumuzun dəqiq zərbəsi nəticəsində Araik Arutunyan ağır yaralanıb. Digər separatçıları da eyni aqibət gözləyir”, - deyə Prezidentin köməkçisi qeyd edib.
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan silahlı qüvvələri kasetli bombalardan da istifadə edir. Ermənistanın insanların kütləvi şəkildə yaşadığı ərazilərə qadağan olunmuş bombalar atması bu ölkənin terrorçu dövlət olduğunu göstərir.
Prezidentin köməkçisi deyib ki, Vardenisdən və Gorus yaxınlığından Azərbaycana raket zərbələri endirilir. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu bütün region üçün təhlükədir. Ermənistanın hazırkı rəhbərliyi də region üçün təhlükədir. Gəncə, Tərtər və digər şəhərlərimizin əhalisi qorxmadan bu hücumlara sinə gərirlər.
Hikmət Hacıyev bildirib ki, bütün bunlar sənədləşdiriləcək və aidiyyəti beynəlxalq təşkilatlara təqdim ediləcək. Atılan raketlərin trayektoriyası Azərbaycanın peyk texnologiyası ilə dəqiqləşdiriləcək və beynəlxalq təşkilatlara təqdim olunacaq.
Azərbaycan Prezidentinin köməkçisi onu da qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri dəqiq zərbələrlə düşmənin legitim hərbi obyektlərini neytrallaşdırır. Düşmənə adekvat cavabların verilməsi bundan sonra da davam etdiriləcək, düşmənin Xankəndi yaxınlığındakı artilleriya nöqtələri sıradan çıxarılıb. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Prezidentin köməkçisi deyib ki, Ermənistanın məqsədi münaqişənin miqyasını genişləndirmək və digər beynəlxalq təşkilatları da münaqişəyə cəlb etməkdir. Azərbaycan legitim hərbi hədəflərə yönəlməklə ermənilərə adekvat cavab verir və onların hərbi obyektləri ordumuzun dəqiq atəşləri ilə məhv edilir.
Hikmət Hacıyev qeyd edib ki, ermənilər xarici jurnalistləri yığaraq şou düzəldirlər, dünyaya yalan məlumatlar verməyə çalışırlar.
Prezidentin köməkçisi onu da vurğulayıb ki, ermənilər mülki əhalini atəşə tutmaqla heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan xalqının əzmi yüksəkdir və hər kəs Azərbaycanın Ali Baş Komandanı ətrafında sıx birləşib. Azərbaycan torpaqları işğaldan azad edilənə qədər biz mübarizəmizi davam etdirəcəyik.
Azərbaycanın mülki əhalisinin və mülki obyektlərinin Ermənistan tərəfindən atəşə tutulması müharibə cinayətidir. Ermənistan tərəfi əslində bununla öz acizliyini və zəifliyini göstərir. Azərbaycan Ordusu qarşısında aciz qalan Ermənistan xaincəsinə mülki əhalini atəşə tutur.
Prezidentin köməkçisi bildirib ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz rəşadətlərini göstərir. Ordumuz çox ağır relyef şəraitində mövcud olan hərbi istehkamları keçərək Suqovuşan istiqamətində nailiyyətlər əldə edib. Bizim qələbələrimiz bundan da artıq olacaq. Məqsədimiz işğal olunmuş ərazilərimizin işğaldan azad edilməsini təmin etməkdir. Xalqımız əmin olsun ki, Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənin legitim hərbi hədəflərini sıradan çıxararaq onun bütün hərbi resurslarını məhv edir. Həmçinin atəşi həyata keçirən məntəqələr, xüsusən də işğal altındakı ərazilərimizdə yerləşdirilən düşmən məntəqələri sıradan çıxarılır.
Azərbaycanın döyüş meydanında qazandığı uğurların müqabilində Ermənistan bu cür təxribatlara əl atır. Dünən hər birimiz sevindik. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz çətin dağlıq şəraitdə keçmiş adı Madagiz, hazırkı adı Suqovuşan olan ərazini azad etdi. Ermənistan qorxaqcasına belə addımlar atır. Ancaq Azərbaycan xalqı əmin olsun ki, düşmənin işğal olunmuş ərazilərdəki legitim hərbi hədəfləri sıradan çıxarılır, Prezidentin köməkçisi qeyd edib.
Ermənistan ərazisindən endirilən zərbələrlə bağlı Prezidentin köməkçisi qeyd edib ki, bu, təxribatdır və nə məqsədə xidmət etdiyi bizə məlumdur. Onlar bu gün xarici jurnalistləri toplayaraq guya Xankəndidə yanğınlar olması barədə yalan məlumat verirlər. Xankəndi ətrafında Tərtər şəhərini vurmaq üçün istifadə edilən “Smerç” sistemləri vardı, onlar sıradan çıxarılıb. Qondarma “Dağlıq Qarabağ respublikası”nın rəhbəri Araik Arutunyan barədə erməni xalqına yalan məlumat verilir. O, ön cəbhədə deyil, qaçıb bunkerdə gizlənmişdi, amma yenə də qurtula bilmədi, ağır yaralanıb. Onun kimi hərbi cinayətkarlar, separatçıların da aqibəti eyni olacaq.