28
Oktyabr

28 Oktyabr

Orduya dəstək

Torpaq uğrunda ölən varsa, Vətəndir!

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində “Torpaq uğrunda ölən varsa, Vətəndir!” mövzusunda tədbir keçirilib.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov vətənpərvərlik mövzusunda keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib. Diqqətə çatdırılıb ki, Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız həyata keçirdiyi uğurlu siyasət, xalqımızın verdiyi dəstək, ordumuzun gücü sayəsində Azərbaycanın hərbi zəfərlərlə zəngin şanlı tarixi yazılır. Son bir ay ərzində ordumuzun apardığı əks-hücum əməliyyatı bir daha onu göstərdi ki, Silahlı Qüvvələrimiz Cənubi Qafqazın ən güclü ordusudur. Azərbaycan özünün hərbi gücündən haqqın və ədalətin bərpa olunması üçün istifadə edir. Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənistan hərbi birləşmələri isə cəbhə xəttindən uzaqda yerləşən şəhərlərimizə, kəndlərimizə raket zərbəsi endirməklə insanlığa qarşı cinayət işləyir. Bu, erməni vəhşiliyinin növbəti təzahürüdür.

Universitetin Memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova çıxışında Vətənimizin bütövlüyü və Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin daim hörmət və ehtiramla anıldığını bildirib, şəhidlərimizin keçdiyi şərəfli yolu öyrənməyin və təbliğ etməyin vacibliyini diqqətə çatdırıb.

Sonra tələbə və şagirdlərin vətənpərvərlik mövzusunda hazırladıqları musiqi nömrələri səsləndirilib, bədii qiraət dinlənilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.