23
Oktyabr

23 Oktyabr

Xarici İşlər Nazirliyi

Nazir Ceyhun Bayramov ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşüb

Oktyabrın 23-də Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşü baş tutub.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin son durumu, cəbhədəki vəziyyət, Ermənistan tərəfindən humanitar atəşkəs rejiminin pozulması, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqların davam etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfinin humanitar atəşkəs rejimini və beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq danışıqları məhv etdiyini, nəinki işğal altında olan Azərbaycan torpaqlarından, habelə Ermənistan ərazisindən münaqişə zonasından uzaq məsafədə yerləşən Azərbaycanın şəhərlərinə raket zərbələri endirdiyini və üçüncü tərəfləri münaqişəyə cəlb etməyə çalışdığını vurğulayıb.

Spiker Nensi Pelosi regionda tezliklə döyüş əməliyyatlarının dayandırılmasına və humanitar atəşkəs rejiminin bərpa edilməsinə ümid etdiyini bildirib. Spiker, həmçinin münaqişəyə digər dövlətlərin müdaxilə etməməsinin və münaqişənin daha geniş vüsət almamasının vacibliyini qeyd edib və danışıqların tezliklə bərpa edilərək ATƏT-in Minsk qrupu çərçivəsində davam etdiriləcəyinə inamını ifadə edib.

Görüşdə ikitərəfli münasibətlərin inkişaf dinamikası və narahatlıq doğuran digər məqamlar ətrafında da fikir mübadiləsi aparılıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.