19
Oktyabr

19 Oktyabr

Xarici İşlər Nazirliyi

Beynəlxalq Türk Akademiyasının prezidenti Ermənistan tərəfindən humanitar atəşkəsin pozulması barədə məlumatlandırılıb

Oktyabrın 19-da qarşı tərəfin təşəbbüsü əsasında Xarici İşlər naziri Ceyhun Bayramovun Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə telefon danışığı olub.

Nazir Ceyhun Bayramov həmsöhbətinə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulması barədə məlumat verib. O, Ermənistan silahlı qüvvələrinin ikinci humanitar atəşkəsə baxmayaraq ötən gün Cəbrayıl rayonu istiqamətində Azərbaycan mövqelərinə hücum etdiyini, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycanın Gədəbəy və Tovuz rayonlarını atəşə tutduğunu, eləcə də gün ərzində Tərtər bölgəsində yerləşən pambıq emalı zavodu daxil olmaqla mülki infrastrukturu atəşə tutduğunu bildirib. Nazir Ceyhun Bayramov Azərbaycanın Gəncə şəhərinə Ermənistan tərəfindən edilən raket hücumu və mülki şəxslərin hədəf alınmasını müharibə cinayəti olduğunu, Ermənistan rəhbərliyinin bu cinayətə görə məsuliyyət daşıdığını vurğulayıb.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli mülki şəxslərin həyatını itirməsi ilə əlaqədar görə Azərbaycana başsağlığını ifadə edib. O, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin məqsədyönlü şəkildə raket atəşinə tutulmasını qəti şəkildə pislədi və mülki şəxslərin və infrastrukturun hədəf almağın qəbuledilməz olduğunu vurğulayıb. Darxan Kıdırəli münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin vacibliyini qeyd edib.

Nazir Ceyhun Bayramov Azərbaycanın ədalətli mövqeyinə qəti dəstək ifadə etdiyi üçün Beynəlxalq Türk Akademiyasının prezidentinə təşəkkürünü bildirib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.