Prezident Administrasiyası
Hikmət Hacıyev: Ermənistan Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir
Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Bu, Ermənistan bir daha hansısa dəyərdən, sivil davranışlardan uzaq olduğunu göstərir. Biz beynəlxalq ictimaiyyətə və aidiyyəti strukturlara da müraciət etdik ki, müharibə şəraitində də mülki insanların və mülki obyektlərin qorunması beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyasının tələbidir. Amma Ermənistan bundan tamamilə kənar dövlət olduğunu hər bir addımında nümayiş etdirir, Azərbaycanın şəhərlərinə, mülki obyektlərə və mülki şəxslərə qarşı hücumlar həyata keçirir. Amma Azərbaycan özünün yüksək dəyərlərini nümayiş etdirərək beynəlxalq humanitar hüquq əsasında ancaq seçilmiş hərbi hədəflərə qarşı əməliyyatlar həyata keçirir, onların neytrallaşdırılması təmin olunur. Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttinin bütün istiqamətləri üzrə təsirli, sülhə məcburetmə əməliyyatı davam etdirilir. Burada da məqsəd Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin təmin olunmasıdır. Ermənistan tərəfi son dövrlər raket texnologiyalarından da istifadə edir. Biz bunu qəti şəkildə pisləyirik və Azərbaycan Respublikası da legitim hərbi hədəflərə qarşı adekvat cavab vermək hüququnu tam şəkildə özündə saxlayır.
Prezidentin köməkçisi deyib ki, Azərbaycan həmişə danışıqlar prosesində iştirak edir. Danışıqlar prosesini pozan Ermənistandır. Ona görə də bu müraciətlər, ilk növbədə, Ermənistana olmalıdır. Danışıqlar naminə danışıqlar artıq hər kəsi taqətdən salıb. Danışıqlar prosesindən konkret nəticə gözlənilir. Ona görə də proses, ilk növbədə, nəticəyönümlü olmalıdır ki, Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindəki mövcudluğuna son qoyulsun, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılsın, BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinin həyata keçirilməsi təmin olunsun. Azərbaycan konstruktivliyini, danışıqlar prosesindəki mövqeyini aydın və birmənalı şəkildə ifadə edib. Hesab edirik, indiki şəraitdə də beynəlxalq ictimaiyyət Ermənistana daha böyük siyasi-diplomatik təzyiq göstərməlidir ki, Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarsın. Bütün bunlar barədə Prezident İlham Əliyev beynəlxalq media kanallarına verdiyi müsahibələrdə də ətraflı məlumat verib.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransa Prezidenti Emmanuel Makronun son bəyanatlarına münasibət bildirərkən deyib ki, vasitəçilik missiyasını həyata keçirən dövlətlər birtərəfli açıqlamalardan çəkinməlidirlər.
Hikmət Hacıyev birtərəfli açıqlamaların verilməsinin danışıqlar prosesinə və vasitəçilik missiyasına xələl gətirə biləcək hal olduğunu qeyd edib. Prezidentin köməkçisi deyib ki, danışıqlar missiyasının mahiyyəti olduğu kimi qalır. Əvvəl Xarici İşlər nazirləri səviyyəsində müəyyən görüşlərin keçirilməsi barədə təkliflər vardı ki, Azərbaycan tərəfi də bu və digər məsələlərə baxa bilər. Amma, ilk növbədə, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi istiqamətində səylər səfərbər olunmalıdır ki, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulsun və hərbi işğala əsaslanan status-kvo, nəticə etibarilə, sonluğa gətirilsin.
"Ermənistan Müdafiə Nazirliyi kifayət qədər saxta məlumatlar paylaşır. Bu məlumatların əksəriyyəti fotoşopdur. Onlardan bir neçəsini artıq ifşa etmişik."
Prezidentin köməkçisi deyib ki, guya İrəvan səmalarında dronlar uçurdu, o da fotoşop idi. Sonradan həmin görüntülərin saytlardan və sosial şəbəkələrdən silinməsi ilə bağlı göstəriş verilib.
“Media nümayəndələrimizə müraciət edirik ki, məlumatlara həssaslıqla yanaşsınlar və yalanları ifşa etsinlər. Sözügedən fotoşopları asanlıqla aşkarlamaq mümkündür”, - deyə Hikmət Hacıyev qeyd edib.
Hikmət Hacıyev deyib ki, Ermənistan tərəfində xarici ölkələrdən gətirilən muzdlu döyüşçülərin olması ilə bağlı Azərbaycanda kifayət qədər faktlar var. Əldə olan faktlar, dəlillər Azərbaycanın beynəlxalq tərəfdaşlarına təqdim edilib. Ermənistan silahlı qüvvələrinin tərkibində Yaxın Şərqdən gətirilmiş terrorçular, muzdlu şəxslər iştirak edirlər. Onlar cəbhənin ön xəttinə çıxarılırlar. Təkcə bu gün deyil, həmişə Ermənistan tərəfdən muzdlulardan, terrorçulardan ölkəmizə qarşı istifadə olunub. Hətta son dövrlərdə bir sıra ölkələrdə, o cümlədən Avropadakı erməni əsilli şəxslərin muzdlu kimi Azərbaycana qarşı döyüşlərdə iştirak etməsi barədə faktlar var. Biz də kanallardan istifadə edərək aidiyyəti ölkələrə müraciət edirik ki, vətəndaşlarına sahib çıxsınlar, onları bu kimi qeyri-qanuni hərəkətlərdən çəkindirsinlər. Xüsusilə də Yunanıstandan və başqa ölkələrdən belə məlumatlar daxil olur. Bir məqamı da onların diqqətlərinə çatdırırıq ki, əgər bu qəbildən olan şəxslər Azərbaycanın işğal altında olan ərazilərində Azərbaycanın mülki əhalisinə, hərbçisinə qarşı silahdan istifadə edərlərsə, onlar beynəlxalq humanitar hüquqa əsasən “kompatant” adını daşıyırlar. Onlar legitim hərbi hədəfdirlər ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilməsi istiqamətində bütün addımlar atılacaq.
Prezidentin köməkçisi deyib ki, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri yüksək səviyyədə davam edir. Qardaş Türkiyə hər fürsətdə Azərbaycana dəstəyini göstərir. Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən ifadə olunan fikirlər Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilir. Hazırda Türkiyənin bu məsələdə Azərbaycana siyasi və mənəvi dəstəyini görürük ki, bu da xalqımız tərəfindən yüksək dəyərləndirilir.