Prezident Administrasiyası
Hikmət Hacıyev: Azərbaycan dövlətinin işi haqq işidir
Oktyabrın 2-də keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.
Prezidentin köməkçisi bildirib ki, əməliyyatların gedişi göstərir ki, Azərbaycan Ordusu dronlardan, yüksək texnologiyalardan istifadə edərək düşmənin hərbi infrastrukturunu sıradan çıxarır. Ermənistanın silahlı qüvvələrinin əsas logistik, hərbi-sursat anbarlarına ciddi zərbələr vurulub. “Bu, Ermənistan silahlı qüvvələrinin müqavimətini əsaslı şəkildə sarsıdır. Bu zərbələr Ermənistan silahlı qüvvələrinin cəbhədəki bölmələrinin müqavimətini böyük dərəcədə azaldıb. Otuz il ərzində Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş hərbi istehkam sistemlərinin, maddi-texniki bazanın qısa müddətdə sıradan çıxarılması Ermənistan silahlı qüvvələrinin döyüş müqavimətinin sıradan çıxarılması deməkdir”, - deyə H.Hacıyev vurğulayıb.
"Ermənistan silahlı qüvvələrinin acizliyi fonunda Ermənistan ərazisindən Azərbaycanın mülki yaşayış məntəqələrinə qarşı raket hücumu həyata keçirilir. Ermənistan bununla Cenevrə Konvensiyasını pozur."
Prezidentin köməkçisi qeyd edib ki, ilkin olaraq Vardenis rayonu istiqamətindən Daşkəsən rayonuna raket zərbəsi endirilib. Azərbaycan tərəfi həmin atəş hədəfini məhv edib. Dünən Ermənistan Füzuli istiqamətində “Smerç” sistemindən istifadə edərək Cocuq Mərcanlı kəndini atəşə tutub, 20-yə yaxın evə ziyan dəyib. Bu gün Gorusdan “Toçka-U” raketi vasitəsilə Şəmkirə raket atəşi olub. Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən açılan bu atəşlə bağlı Azərbaycan Ermənistan ərazisində olan legitim hərbi hədəflərə qarşı tədbirlər görəcək. Ermənistan silahlı qüvvələri istər şəxsi, istər texnika baxımından üzləşdiyi itkiləri bu cür kompensasiya etməyə çalışır. İyirmidən artıq mülki şəxsimiz həlak olub, 50-dən çox mülki şəxsimiz isə yaralanıb.
Hikmət Hacıyev deyib: “Dünən Ermənistanın baş naziri öz xalqını təşvişə salacaq formada “Facebook” hesabında paylaşımlar etmişdi. Bu paylaşımlara görə, hansısa dronlar Yerevan üzərində hərəkət edirdilər. Dövlətimizin başçısı tərəfindən qeyd edildiyi kimi, Ermənistanın baş naziri hər bir fürsətdə yalan, riyakarlıq və xalqını aldatmaqla məşğuldur. Ermənistan Müdafiə Nazirliyi tərəfindən guya bu dronların vurulması barədə videolar hazırlandı. Lakin bir müddət sonra bu videoların fotoskop olduğu üzə çıxdı və onların silinməsi tələb olundu. Bu, bir daha göstərir ki, yalan əsasında qurulmuş ssenari idi. Onların hər bir yalanı ifşa olunur”.
Prezidentin köməkçisi, həmçinin bildirib ki, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bizim erməni xalqı, mülki əhali ilə işimiz yoxdur. Mülki şəxsləri hərbi obyektlərdən kənar durmağa çağırırıq. Belə olan halda onların da təhlükəsizliyi təmin oluna bilər.
Prezidentin köməkçisi bildirib ki, ermənilər 30 il ərzində işğal olunmuş ərazilərdə dərin istehkam sistemləri qurub. Bəzi yerlərdə bu istehkamların uzunluğu 8-10 metrə çatır. Relyef şəraiti də ağırdır. Bildiyiniz kimi, həmin yerlər, əsasən dağlıq ərazilərdir. Lakin bu çətinliklərə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri addım-addım irəliləyir. “Azərbaycan Silahlı Qüvvələri çətin iqlim və istehkam şəraitində düşmənə qarşı əks-hücum əməliyyatı həyata keçirir. Əsgərlərimiz düşmənin atəş nöqtələrini susdura-susdura, bəzən də atəş altında irəli gedir. Ermənistanın uzun illər ərzində qurduğu istehkam sistemləri sıradan çıxarılır. Hazırda Murovda qar var, qış şəraitidir. O çətin iqlim şəraitində, 3300-3500 metr yüksəklikdə əsgərlərimiz torpaqlarımız uğrunda rəşadətlə döyüşür, torpaqlarımızı azad edir. Biz onlarla fəxr edirik”, - deyə Hikmət Hacıyev qeyd edib.
"Bu, Vətən müharibəsidir. Azərbaycan dövlətinin işi haqq işidir. Azərbaycan Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması üçün fəaliyyət göstərir. İşğala son qoyulduqdan sonra regionun inkişafı üçün münbit zəmin yaranacaq."
Torpaqların azad edilməsinin Azərbaycan xalqının tələbi olduğunu vurğulayan Prezidentin köməkçisi bildirib: “Hazırda ölkədə ümummilli həmrəylik var. Azərbaycan xalqının iradəsindən kənar münaqişənin həlli mövcud deyil. Bu xüsusda qardaş Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndiririk. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 il ərzində danışıqlar aparılmasına baxmayaraq, torpaqların azad edilmədiyini bildirib. Prezident İlham Əliyevin təşəkkürünü bir daha çatdırırıq. O cümlədən Pakistan, Macarıstan, Türk Şurası, İƏT tərəfindən Azərbaycana verilən dəstəyi yüksək qiymətləndiririk. Azərbaycan xalqı dəstək verən dost dövlətləri, həmçinin riyakarları heç vaxt unutmayacaq”.
Prezidentin köməkçisi xarici jurnalistləri həmin ərazilərə daxil olmamağa çağırıb: "Əgər onlar atəş məntəqələrinə yaxın ərazilərə gətirilirsə, onların təhlükəsizliyinə cavabdeh deyilik. Ermənilər həmin jurnalistləri atəş nöqtəsinə yaxın ərazilərə gətirir və bununla da təxribatlarını davam etdirir. Bu məsələdə birbaşa məsuliyyət Ermənistanın üzərinə düşür".
"Azərbaycan xalqı bizə dəstək verən dost dövlətləri və riyakarları heç vaxt unutmayacaq. Azərbaycan dövlətinin işi haqq işidir. Azərbaycan Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması üçün mübarizə aparır. İşğala son qoyulduqdan sonra regionun inkişafı üçün münbit zəmin yaranacaq."
Prezidentin köməkçisi bildirib ki, bu gün ölkəmizdə ümummilli həmrəylik var. Torpaqlarımızın azad edilməsi Azərbaycan xalqının tələbidir. Münaqişənin Azərbaycan xalqının iradəsindən kənar həlli mövcud deyil. Bu xüsusda qardaş Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndiririk. O cümlədən Pakistanın da dəstəyini yüksək dəyərləndiririk. Macarıstanın, Türk Şurasının, İslam Əməkdaşlıq Təşkilatının Azərbaycana dəstəyini də yüksək qiymətləndiririk.