19
Oktyabr

19 Oktyabr

Orduya dəstək

Təbliğat və təşviqat işləri davam edir

Döyüşlərdə iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müraciətləri, təbrikləri eləcə də ordumuzun uğurları barədə məlumatlar operativ şəkildə döyüşlərdə iştirak edən şəxsi heyətə çatdırılır. Cəbhədə rəşadət göstərən hərbi qulluqçularımızı təbliğ edərək ruh yüksəkliyinin artırılması məqsədilə işlər görülür.

Bu tədbirlər çərçivəsində “Əsgərə məktub” layihəsi də böyük coşqu ilə davam edir. Ordumuza dəstək olan vətəndaşlarımızın döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanladıqları məktublar hərbi qulluqçularımızda xoş təəssürat yaradır və onlar tərəfindən sevinclə qarşılanır. Hərbi qulluqçular da öz növbəsində xalq-ordu birliyinin təntənəsi olan Ordumuza dəstək kampaniyasında iştirak edən hər kəsə öz təşəkkürlərini çatdırır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.