10
Oktyabr

10 Oktyabr

Xarici İşlər Nazirliyi

Humanitar atəşkəsə baxmayaraq, Ermənistan hücum əməliyyatları keçirməyə cəhd edib və geri oturdulub

On gün ərzində aparılan əməliyyatlar zamanı hərbçilər və mülki şəxslər həlak olub. Eyni zamanda, əsir götürülmüş hərbçilər var. Beynəlxalq təşkilatlardan, bir sıra dövlətlərdən çoxsaylı çağırışlar edilirdi ki, humanitar atəşkəs elan olunsun. Rusiya Prezidentinin təşəbbüsü əsasında Moskvada Xarici İşlər nazirlərinin görüşündə əsas məqsəd humanitar atəşkəsin təmin olunması idi. Ancaq buna baxmayaraq, ermənilər təxribatları davam etdirirlər.

Bu sözləri mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov söyləyib.

"Ötən günlər ərzində Rusiya Prezidenti Vladimir Putin xüsusi təşəbbüslə çıxış edib, Azərbaycan Prezidenti və Ermənistan baş naziri ilə razılıq əldə olunub. Oktyabrın 9-da Moskvada bununla bağlı müvafiq sənəd imzalandı. Sənəddə həlak olmuş hərbçilərin cəsədlərinin çıxarılması, hərbçilərin və saxlanılmış digər şəxslərin mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur. Bu, mürəkkəb, spesifik əməliyyatdır və bu işlərlə bağlı koordinasiya Beynəlxalq Qırmızı Xaç Komitəsinə həvalə edilib. Hələ ki, bu əməliyyatların başlanmasına şərait yaradılmayıb. Çünki Ermənistan növbəti dəfə təxribatçı üzünü göstərdi. Bu gün saat 12-dən atəşkəs təmin edilməli idi, ancaq Ermənistan hücum əməliyyatları keçirməyə cəhd edib və geri oturdulub.

Moskvada qəbul olunmuş bəyanatda Ermənistan danışıqlar prosesinin dəyişməz olduğunu qəbul etdi. Ermənistan iddia edirdi ki, qondarma rejim danışıqlar prosesinə cəlb olunsun. Ancaq qəbul olunan bəyanatda Ermənistan danışıqlar prosesinin dəyişməz qaldığını qəbul etməyə məcbur oldu".

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.