28
Sentyabr

28 Sentyabr

Prezident Administrasiyası

Hikmət Hacıyev: Ermənistan çətin vəziyyətə düşdükdə mülki əhalini hədəfə alır

Sentyabrın 28-də ölkəmizdəki diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.

"Dünən səhər saat 06:00 radələrində Ermənistan silahlı bölmələri kəndlərimizə hücum edib. Ermənistanın təxribatından sonra əks-hücum əməliyyatı həyata keçirilib. Hazırda qoşunların təmas xətti boyu əməliyyatlar davam edir."

Ermənistan çətin vəziyyətə düşdükdə mülki əhalini hədəfə aldığını, Ermənistanın hərbi doktrinasında mülki əhalinin hədəf kimi göstərildiyini bildirən Prezidentinin köməkçisi deyib: “Biz 1990-cı illərdə də, 2016-cı ilin aprel döyüşlərində də bunu görmüşük. Dünən cəbhə xəttindən xeyli aralıda yerləşən Naftalan rayonunun bir kəndində bir ailə və onun azyaşlı üzvləri həlak olub. Bu gün səhər də Tərtər rayonu istiqamətində ağır artilleriya atəşi açılıb, Tərtərdə xalçaçılıq fabriki dağıdılıb. Tərtər rayonunda polis şöbəsinə zərbə endirilmək istənilib. On dörd mülki Azərbaycan vətəndaşı yaralanıb”.

Azərbaycan Respublikasına qarşı 30 ildir ki, müharibə aparılır. Beynəlxalq ictimaiyyət Ermənistanı işğala son qoymağa çağırmalıdır.

Hikmət Hacıyev deyib: “Biz istəyirik ki, Ermənistan işğalçı mövqeyinə son qoysun. Bu, böyük Vətən müharibəsidir. Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub və bu gün də ölkədə qismən səfərbərlik elan edilib. Biz beynəlxalq hüquqdan istifadə edirik, amma Ermənistan silahlı qüvvələrində bunun əksini görürük. Biz belə məqamda dövlətlərin əsl mövqeyini görmək də istəyirik”.

Bəzi beynəlxalq təşkilatların rəhbərlərinin mövqelərinin qəbuledilməz olduğunu deyən Prezidentin köməkçisi qeyd edib ki, Amerika Dövlətləri Təşkilatının rəhbəri qurumdakı dövlətlərin mövqeyini nəzərə almadan qərəzli bəyanat verib. Frankofoniya Təşkilatının Baş katibinin mövqeyini də qəbul etmirik. Biz üzv dövlətlərə müraciət edirik ki, qurumların rəhbərləri üzv dövlətlərin mövqelərini nəzərə alsınlar”.

Azərbaycan Ordusu öz ərazimizdə müdafiə xarakterli əməliyyatlar keçirir. Məqsəd mülki əhalini qorumaq, işğalçını sülhə məcbur etməkdir.

Prezidenti köməkçisi bildirib ki, Ermənistanın indiyədək apardığı siyasətdə məqsəd danışıqlar prosesini məhv etmək idi və buna da nail oldu. Ermənistan işğal olunmuş ərazilərdən çıxmamaq üçün hərbi, siyasi təxribatlara əl atır. Bu, Azərbaycana qarşı növbəti təcavüz cəhdi, Azərbaycanı güc yolu ilə hədələməkdir.

Hikmət Hacıyev qeyd edib ki, artıq bununla əlaqədar Azərbaycan öz narahatlığını və belə hücumların gözlənilməsi barədə fikirlərini beynəlxalq ictimaiyyətə çatdırmışdır. Dövlətimizin başçısı İlham Əliyev tərəfindən BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın öz qoşunlarını təmas xətti boyunca konsentrasiya etməsi və əlavə hərbi tədbirlər görməsi barədə də məlumat verilmişdir. Bütün bunlar növbəti təxribatın hazırlanmasından xəbər verirdi. Bütün bunlar, eyni zamanda, Tovuz hadisələrindən başlayaraq artan dinamika ilə inkişaf edən regional gərginlik mənzərəsinin tərkib hissəsidir ki, bu da bilavasitə Ermənistan və onun hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilən təxribatdır.

Son günlər Ermənistan tərəfindən çox cılız, tamamilə reallıqdan uzaq və bir qədər də gülünc şəkildə saxta məlumatlar hazırlanır və sosial şəbəkə seqmentinə atılır. Onlar tərəfindən bu qədər saxta məlumatların hazırlanması bir daha onu göstərir ki, Ermənistan xalqı Ermənistan silahlı qüvvələrinə inanmamalıdır, bu qədər saxta məlumatlar hazırlayan silahlı qüvvələrə Ermənistan xalqının özü də heç zaman etibar edə bilməz.

Prezidentin köməkçisi bildirib: “Bir daha qeyd etmək istərdik ki, Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərində ölkəmizin müdafiəsi məqsədilə beynəlxalq humanitar hüququn prinsipləri də nəzərə alınmaqla fəaliyyət göstərir. Məqsədimiz Azərbaycan ərazilərinin müdafiəsinin və Ermənistan işğalından azad edilməsinin təmin olunmasıdır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.