27
Sentyabr

27 Sentyabr

Prezident Administrasiyası

Hikmət Hacıyev: Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşib və bu, Ermənistanı qorxuya salır

Sentyabrın 27-də keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.

Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu vurğulayan Hikmət Hacıyev deyib: “ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də xalqa müraciət edib. Dövlətimizin başçısı müraciətində Ermənistanın təxribatının mahiyyətini xalqa çatdırıb. Prezident BMT kürsüsündən dünya ictimaiyyətinə Ermənistanın törətməyə hazırlaşdığı təxribat barədə məlumat verib. Ali Baş Komandan bir müddət əvvəl KİV-ə müsahibəsində də bu barədə ətraflı məlumat verib”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, dövlətimizin başçısı xalqa müraciətində Ermənistanın davranışının mahiyyətində faşizm xisləti durduğunu bir daha bildirib. H.Hacıyev deyib: “Biz bunun nəticələrini bu gün səhər saat 06:00 radələrində gördük. Ermənistan silahlı bölmələri mülki əhalini, kəndləri atəşə tutdular, mülki əhalini bir daha hədəfə aldılar. Azərbaycanın mülki əhalisi arasında xəsarət alanlar var. Prokurorluq bu barədə araşdırma aparır, dəymiş zərər qiymətləndirilir”.

Hikmət Hacıyev diqqətə çatdırıb ki, Azərbaycan Ordusu əks-hücum əməliyyatları həyata keçirir: “Bu əməliyyatların təfərrüatı barədə ola bilər ki, hərbi sirr olduğu üçün indi tam təfsilatı ilə məlumat verilmir. Amma Azərbaycan xalqı əmindir ki, Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz Ermənistanın cinayətlərinin qarşısını almaq üçün öz rəşadətli missiyasını həyata keçirir. Bu da torpaqlarımızın işğaldan azad edilməsidir. Bu gün səfərbərlik əhval-ruhiyyəsi hamını sevindirir. Düşməni də qorxudan budur. Beynəlxalq ictimaiyyətə də Ermənistanın təxribatları barədə məlumat verildi”.

Hikmət Hacıyev deyib: “Dövlətimizin başçısı vurğuladı ki, Ermənistanın bu təxribatının mahiyyətində faşizm xisləti dayanır. Ermənilər bu gün səhər saatlarından başlayaraq mülki insanları atəşə tutaraq faşist xislətlərini bir daha göstərdilər. Bu təxribatın qarşısının alınması üçün əks hücum tədbirləri həyata keçirilir, düşmənin atəşinin qarşısı uğurla alınır və düşmən yerinə otuzdurulur. Hadisələrlə bağlı ölkə ictimaiyyətinə ətraflı məlumat veriləcək. Azərbaycan Ordusu bu təxribatın qarşısını almaq və torpaqlarımızı azad etmək üçün öz rəşadətli missiyasını həyata keçirir. Bu gün bütün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşib və bu, Ermənistanı qorxuya salır”.

Ermənistan sosial şəbəkələr üzərindən təxribatçı məlumatlar və dezinformasiya yayır. Buna görə də ölkəmizdə internet şəbəkəsində müəyyən məhdudiyyətlər var.

Prezidentin köməkçisi vurğulayıb ki, ermənilər hətta əvvəlki dövrə aid kadrları yayır ki, bu da heç bir həqiqəti əks etdirmir. O, əhaliyə diqqətli olmağı, bu cür dezinformasiyalara inanmamağı və rəsmi məlumatları izləməyi tövsiyə edib.

Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar Prezident İlham Əliyevin Fərmanına əsasən ölkəmizdə hərbi vəziyyət elan edilib.

Hikmət Hacıyev deyib ki, sentyabrın 27-də Ermənistan bir neçə istiqamətdən Azərbaycanın yaşayış məntəqələrini, hərbi mövqelərini atəşə tutub. Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb.

Fərmanda qeyd olunub ki, Konstitusiyanın 109-cu və 111-ci bəndləri nəzərə alınaraq sentyabrın 28-də gecə saat 00.00 etibarən Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan edilib.

Azərbaycan Silahlı Qüvvələri fəaliyyətini Cenevrə Konvensiyasına uyğun qaydada həyata keçirir.

Hikmət Hacıyev deyib ki, Ermənistan mətbuatında Ermənistan-Azərbaycan sərhədində də toqquşmanın baş verdiyi barədə məlumatlar yayılıb. Bu, yalandır. Hərbi əməliyyatlar Azərbaycanın işğal olunmuş ərazilərində baş verir. Əsas məqsəd mülki şəxslərin təhlükəsizliyini təmin etmək və işğal olunmuş əraziləri azad etməkdir.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, artıq bir sıra beynəlxalq təşkilatlar narahatlıqlarını ifadə edir. Vəziyyətin gərginləşməsinin məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Hikmət Hacıyev nəzərə çatdırıb ki, bu gün baş verənlər Tovuz hadisələrindən sonra Ermənistanın Azərbaycana qarşı yürütdüyü təxribatçı siyasətinin nəticəsidir. O vurğulayıb ki, eyni zamanda, düşmən tərəfindən kiberhücumlar da təşkil edilir.

Prezidentin köməkçisi qeyd edib ki, bu gün bizim güclü Azərbaycan dövlətimiz, ordumuz var və Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik.

Hikmət Hacıyev bildirib ki, uğurlu əməliyyatlar çərçivəsində növbəti bir yüksəklik də azad edilib. Bu, Murovdağ silsiləsindədir. Artıq Füzuli-Cəbrayıl istiqamətində yeddi kəndimiz Ermənistanın işğalından azad edilib. Ermənistan silahlı qüvvələrinin çox ciddi itkiləri var. Lakin düşmən həmişə olduğu kimi, bu dəfə də itkilərini gizlədir. Azərbaycan Silahlı Qüvvələri Cenevrə Konvensiyalarını və beynəlxalq humanitar hüququ əsas götürərək legitim hərbi hədəflərə qarşı özünün hədəf seçimində və hədəflərin zərərsizləşdirilməsində bu prinsip və meyardan çıxış edir.

Prezidentin köməkçisi vurğulayıb ki, Murovdağ silsiləsində Murov yüksəkliyi çox çətin iqlim, relyef və hava şəraitində Silahlı Qüvvələrimizin yüksək peşəkarlığı nəticəsində azad olunub. Bu, 3 min metrdən yuxarıda yerləşən yüksəklikdir. Silahlı Qüvvələrimiz belə bir şəraitdə çətin əməliyyatı uğurla həyata keçirərək böyük yüksəkliyi və onun ətrafında olan digər yüksəklikləri də düşməndən azad ediblər.

Hikmət Hacıyev deyib ki, mövcud vəziyyətlə əlaqədar beynəlxalq ictimaiyyət tərəfindən də narahatlıq ifadə olunur. Bu narahatlığı Azərbaycan Respublikası da bölüşür. Çünki Azərbaycan Respublikası işğala məruz qalan dövlətdir. Azərbaycan Respublikası həmişə bəyan edirdi ki, Ermənistan Respublikasının Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunu davam etdirməsi vəziyyətin hər an gərginləşməsinə səbəb ola bilər. Biz Tovuz hadisələrindən bu günə Ermənistan tərəfindən vəziyyətin gərginləşdirilməsi istiqamətində silsiləvi addımları görürük. Prezident, Ali Baş Komandan tərəfindən BMT tribunasından beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı ki, Ermənistan növbəti təxribatlara hazırlaşır. Beynəlxalq ictimaiyyət bununla əlaqədar xəbərdarlıq edildi. Bu gün biz bunun şahidi olduq. Amma Azərbaycan Silahlı Qüvvələrinin ayıq-sayıqlığı və yüksək peşəkarlığı, qısa müddət ərzində toparlanaraq düşmənə qarşı əks-hücum əməliyyatı həyata keçirməsi Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı daha geniş miqyasda zərərin yetirilməsi və mülki insanlar arasında təşviş yaradılmasına xidmət göstərəcək addımların qarşısının alınmasında əhəmiyyətli oldu.

“Silahlı Qüvvələrimiz tərəfindən mübarizə davam etdirilir, düşmənə layiqli zərbələr vurulur. Məqsədimiz Azərbaycan Respublikası ərazilərinin azad edilməsidir. Bu gün dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyət elan edilib. Vətəndaşlarımızdan xahiş edirik ki, hərbi vəziyyətin tələblərinə ciddi şəkildə riayət olunsun”, - deyə Hikmət Hacıyev vurğulayıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.