02
Oktyabr

2 Oktyabr

Xarici İşlər Nazirliyi

Mülki şəxsləri və obyektləri hədəfə alan Ermənistan beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozur

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına əsasən, 2 Oktyabr 2020-ci il tarixində günorta saatlarından etibarən Ermənistan ərazisindən Azərbaycanın Şəmkir rayonunun Sabirkənd kəndi raket atəşinə, Tovuz rayonunun Ağdam kəndi isə artilleriya atəşinə tutulur. Ermənistan silahlı qüvvələri, həmçinin işğal olunmuş ərazilərimizdən Bərdə rayonunun Əmirli və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini artilleriya atəşinə tutur.

Mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarını, eləcə də bu xüsusda üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozur.

Təcavüz siyasətini davam etdirən Ermənistan, ölkə rəsmilərinin bəyan etdiyi kimi “yeni ərazilər əldə etmək üçün yeni müharibə” taktikasını həyata keçirməyə çalışır.

Azərbaycan Ordusu beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Ermənistan tərəfinin həmlələrinə adekvat cavab verəcəkdir. Bir daha bəyan edirik ki, yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistanın üzərinə düşür.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.