27
Sentyabr

27 Sentyabr

Xarici İşlər Nazirliyi

Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Sentyabrın 27-də Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı Ermənistan tərəfinin yeni təcavüz aktını qətiyyətlə pisləyən Mövlud Çavuşoğlu, Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mübarizəsində Türkiyənin hər zaman ölkəmizin yanında olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov qardaş Türkiyənin hər zaman olduğu kimi, bugünkü gündə də nümayiş etdirdiyi dəstəyinə görə təşəkkürünü ifadə etdi. Nazir 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin cəbhə xətti boyu Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktına cavab olaraq, Azərbaycan silahlı qüvvələri tərəfindən özünü müdafiə hüququ çərçivəsində və mülki əhalini müdafiə etmək məqsədilə atılan cavab həmlələri barədə türkiyəli həmkarını məlumatlandırıb. O, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzünün beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onların əlavə protokollarının kobud şəkildə pozulması olduğunu vurğulayıb. Bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasının zəruri olduğu vurğulanıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.