01
Oktyabr

1 Oktyabr

Könüllülük

Balakənli könüllü çağırışçılar böyük ruh yüksəkliyi ilə cəbhə bölgəsinə yollanıblar

Torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsi uğrunda başlanan döyüşlərdə iştirak etmək üçün könüllü olaraq müraciət etmiş balakənli gənclər oktyabrın 1-də böyük coşqu ilə cəbhə bölgəsinə yola salınıblar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon bölməsinin qarşısına toplaşan valideynlər, rayon ictimaiyyətinin nümayəndələri işğal altındakı ərazilərimizi düşməndən azad etmək üçün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan, əsgərlərimizin rəşadətindən qürur duyduqlarını bildiriblər.

Övladını cəbhəyə yola salan Məhərrəm Sodiyev deyib: “Mən özüm də bir vətəndaş olaraq yaşımın bu çağında döyüşlərə qatılmağa, doğma Qarabağımızı erməni qaniçənlərindən azad etməyə, şəhidlərimizin qisasını almağa hər an hazıram. Bu gün könüllü olaraq cəbhəyə yollanan oğullarımızın sağ-salamat evə dönmələrini arzulayıram!”

Könüllü çağırışçı Elvin Mahmuyev: “Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək hər birimizin müqəddəs borcudur. Bu Vətən bizimdir və onu biz qorumalıyıq! Döyüşlərdə iştirak etmək üçün könüllü olaraq müraciət etmişəm. İnanıram ki, üçrəngli bayrağımız tezliklə Xankəndində, Şuşada, Qarabağın digər ərazilərində dalğalanacaq. O günlər yaxındadır”.

Sonra balakənli könüllülər alqış sədaları altında cəbhə bölgəsinə yola salınıblar.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.